"Taksi fəaliyyəti ilə bağlı hər bir halda qayda-qanun bərqərar olmalıdır".
Bu sözlər "Sherg.az"a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, digər peşə, sənət sahibləri vergi, tibbi sığorta haqqı ödədiyi kimi, taksi sürücüləri də kənarda qalmamalıdırlar:
"Qanun hamı üçündür. Hər kəs qaydalara əməl etməlidir. Tibbi sığorta haqqı əslində taksi sürücüsünün özünə vacibdir. Bu gün ölkəmizdə icbari tibbi sığortadan faydalanan xeyli sayda insan var. Aylıq 12 manatın sərnişin daşıma qiymətlərinə təsir edəcəyini düşünmürəm. Çünki 12 AZN elə də böyük məbləğ deyil.
Amma ilk növbədə, qaydalar müəyyənləşdiriməlidir ki, taksi sürücüsü dedikdə kimlərin nəzərdə tutulduğu aydın olsun. Hazırda "hər yerindən duran" taksi sürücüsü olduğunu deyir.
Adam Toyota - Prius alır, avtomobilin də üzərinə "şahmat" qoyur, qapısına da "UBER" və ya "Bolt" yazısı yapışdırır.
Heç kim də ondan sağlamlıq arayışı istəmir. Amma tibbi sığortanın olması ilə yanaşı mərkəzi bazada taksi sürücüsü barədə müəyyən məlumatların mövcudluğuna diqqət yetirmək lazımdır.
Sərnişin daşıma şirkətlərinin sürücüləri gələcəkdə "Fərqlənmə nişanı" əldə etmək istəyəndə bazadakı bu kimi məlumatlar nəzərə alınır".
Qeyd edək ki, Azərbaycanda taksi sürücüləri 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi parlamentin Səhiyyə komitəsinin sonuncu keçirilən iclasında müzakirə edilib.