Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizədə ciddi problemlər var
"Bir daha hər bir vətəndaşımızdan xahiş edirik ki, telefonun poçt qutusuna - e-mailinə gələn, sizə aid olmayan heç bir məlumatı açmayasınız"
Son zamanlar Azərbaycanda kiberhücumların sayı kəskin artıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Azər Əhədov isə buna səbəb kimi məlumatlılığın az, kibergigyenanın aşağı səviyyədə olmasını göstərib.
Maraqlıdır, kiberhücumların sayı niyə artır? Bunun qarşısını almaq üçün nə etməliyik?
İKT mütəxəssisi Anar Bayramovun “Şərq”ə açıqlamasına görə, kibercinayətkarlıq məsələsi ölkəmiz üçün hər zaman aktualdır və cəmiyyətin bütün tərəfləri bu cinayətkarlıqdan bu və ya digər şəkildə əziyyət çəkir:
“Kiberhücumlar sərhəd tanımır və bütün sektorların həmişə onlarla qarşılaşma riski var. Ona görə də bu gün kibertəhlükəsizlik ölkələrin, cəmiyyətlərin bütün səviyyələrinə təsir edən strateji milli məsələyə çevrilib.
Azərbaycanda bu istiqamətdə müxtəlif işlər görülsə də, bir çox ciddi problemlər hələ də qalmaqdadır.
Bu gün cəmiyyətin müxtəlif təbəqələrindən olan, müxtəlif peşələrdə çalışan insanlar kibercinayətkarlıqla rastlaşır. Bundan heç kim sığortalanmayıb. O cümlədən hazırda bu problem bank sektorunda da ciddi problemlər törədir. İnsanların bank hesablarından vətəndaşın özünün razılığı olmadan vəsaitlərin çıxarılması ilə bağlı müxtəlif faktlar müşahidə olunur. Səbəb isə odur ki, dövlət qurumlarında və şirkətlərdə şəbəkələr necə gəldi qurulur.
Təhlükəsizlik tədbirlərinə əməl olunmur. Adi istifadəçi səviyyəsində belə məlumatlarımız qorunmur. Məlumatlar bulud texnologiyasına yüklənmir və şirkətlərin vacib məlumatları lokal yaddaşda saxlanılır. Əslində bu çox mənfi haldır. Çünki sistem hər an çökə bilər. Hakerlər serverlərdəki boşluqlardan istifadə edib belə hücumlar təşkil edir. Şirkətlərin, dövlət qurumlarının vacib informasiyaları oğurlanır. Məlumatların surəti başqa bir yerdə olmadığına görə həmin hakerdən asılı qalırlar. Saytların çoxu lokal server üzərində yığılır. Texnologiya elə bir şeydir ki, heç vaxt tam təhlükəsizliyi təmin etmək mümkün deyil. İT daim inkişafda olan bir sahədir”.
Ekspertin sözlərinə görə, istifadəçilər bənzər hücumlardan qorunmaq üçün diqqətli olmalıdır:
“Bilmədiyimiz, anlamadığımız, bizə mesaj vasitəsilə göndərilən heç bir linki və yaxud da hər hansısa bir faylı açmaq lazım deyil. Ən çox hücumlar banklara və bank kartlarına olunur ki, bu da istifadəçilərin çox da məlumatlı olmamasından irəli gəlir. Və beləliklə də kiberhücum edən tərəfə bank kartlarından istifadə etmək daha asan başa gəlir. Bir daha hər bir vətəndaşımızdan xahiş edirik ki, telefonun poçt qutusuna - e-mailinə gələn, sizə aid olmayan heç bir məlumatı açmayasınız. Bank kartınız haqqında hər hansı bir bildiriş gələrsə, dərhal kartınız hansı banka məxsusdursa, onunla əlaqə saxlayıb kartınız və hesablarınızı dondura bilərsiniz”.