Valideynlər illərdir bu dəyişikliyi gözləyir
Hərbi xidmət zamanı başına bədbəxt hadisə gələnlərə də şəhid statusu verilməlidir
Hərbi xidmətdə bədbəxt hadisə nəticəsində həlak olanlara şəhid statusunun verilməsi təklif olunur. "Şəhid adlarının verilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik olmalıdır. Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.
Deputat bildirib ki, bununla bağlı təkliflərini Milli Məclisə təqdim edib: “Vətən müharibəsi dövründə hərbi xidmət keçən zaman və yaxud hərbi vəzifəsini yerinə yetirən zaman hər hansı bədbəxt hadisə nəticəsində həyatını itirənlərə də şəhid adı verilsin. Bu mənim təklifimdir və çox həssas məsələdir. Vətən müharibəsi dövründə bəzi əsgərlərimiz avtomobil qəzası, silahla ehtiyatsız davranma, yanğın zamanı və bu kimi bədbəxt hadisələr nəticəsində həyatlarını itiriblər. Onlara şəhid adının verilməsi mövcud qanunvericiliyin müddəalarına əsasən mümkün olmur: “Hesab edirəm ki, sözügedən qanuna belə bir dəyişikliyin edilməsi Vətən müharibəsi dövründə hər hansı bir bədbəxt hadisə nəticəsində həyatını itirmiş əsgərlərimizin doğmaları və yaxınları üçün böyük təsəlli olardı”.
Qeyd edək ki, Türkiyə qanunlarına görə isə hərbi xidmətə çağırıldığı ilk gündən düşmən gülləsindən və ya ehtiyatsızlıqdan, hətta arı sancmasından, xəstəlikdən və ya hansısa bədbəxt hadisə nəticəsində vəfat edən əsgər şəhid statusu alır.
Hərbi ekspert Üzeyir Cəfərov “Şərq”ə açıqlamasında millət vəkilinin təklifini dəstəkləyib və bu problemin bir çox valideynləri ciddi narahat etdiyini deyib:
“Ölkə başçısı İlham Əliyevin Hərbi məsələlər üzrə köməkçisi, general-polkovnik Məhərrəm Əliyevin qəbulunda olan valideynlər illərdir bu dəyişikliyi gözləyir. Valideynlər haqlı olaraq Vətənin müdafiəsi üçün hərbi xidmətə yola saldığı övladının xidmət vaxtı başına hər hansı bir bədbəxt hadisə gəlibsə, ona şəhid adının verilməsini tələb edir. Amma burada hərbi qulluqçuların xidmət etdiyi ərazi mütləq nəzərə alınmalıdır. Bakıda, Sumqayıtda asfaltın üstündə hərbi xidmətdə olan əsgərlə sərhəd rayonlarında və Qarabağda düşmənlə üzbəüz hərbi hissələrdə xidmət vəzifəsini icra edərkən bədbəxt hadisə nəticəsində həyatını itirmiş əsgərlərimiz arasında fərq olmalıdır. Sərhəddən kənarda, paytaxtda və ya digər mərkəzi şəhərlərdə hərbi qulluq edən hərbçilərimiz isə döyüş tapşırığı ilə bağlı təlimlərdə, poliqonda başına gələn hər hansı bir qəzada dünyasını dəyişərsə, bu zaman onlara da şəhid statusunun verilməsi mütləqdir. Şəhidlik çox müqəddəs və uca mərtəbədir. Ucdantutma, hər hansı səbəbdən həyatını itirən bütün hərbiçilərə bu statusun verilməsi torpaq və vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərimizin ruhuna qarşı hörmətsizlik olar”.
Ekspertin sözlərinə görə, Kəlbəcərdə hər an ölüm təhlükəsi altında hərbi xidmət keçən zabit və ya əsgərlə Sumqayıtdakı “N” saylı hərbi hissədə xidmət edən hərbi qulluqçular arasında fərqli yanaşmaq mütləqdir. Hansısa bir əsgər hərbi hissədən özbaşına çıxıb harasa gedirsə, lap komandirin tapşırığı əsasında belə hərbi hissəni tərk edən zaman yolda avtoqəza keçirib ölürsə, onu şəhid adlandırmaq olmaz:
“Amma ön xətdəki istənilən bir postda xidmət edən əsgər öz əsgər yoldaşının açdığı atəş nəticəsində həlak olsa belə ona mütləq şəhid statusu verilməlidir. Valideynlər haqlı olaraq sual edir ki, Nardaranda, Gəncədə xidməti vəzifəsini icra edərkən həyatını itirən polis əməkdaşı şəhid adı alır, amma düşmənlə üzbəüz postlarda Vətənin ərazi bütövlüyü uğrunda mübarizə aparan əsgər, gizir və ya zabit döyüşdən kənar xidməti vəzifəsini icra edərkən vəfat edərsə, o, şəhid sayılmır?! Ümid edirəm ki, deputatın təklifi digər parlamentarilər tərəfindən də dəstəklənəcək və yaxın zamanlarda dəyişikliklər qəbul ediləcək. 200-dən artıq valideyn məhkəmələrdə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların qapılarında qalıb, hərbi vəzifəsini icra edən zaman dünyasını dəyişən övladlarına şəhid statusunun verilməsini tələb edirlər.
Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər".