Sosial şəbəkələr mütləq qanunla tənzimlənməlidir
"Sosial media istifadəçilərinin qeydiyyatı şəxsiyyət vəsiqəsi və ya pasportla həyata keçirilməlidir"
Deputat Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib. Sosial şəbəkədə insanların təhqir edilməsindən, böhtan atılmasından narahatlığını ifadə edən millət vəkili deyib ki, sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur. Bütün bunları nəzərə alaraq “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlamalıyıq.
Media eksperti Azər Həsrət bildirib ki, sosial şəbəkələrlə bağlı təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edən bir durum var: “Əksər ölkələrdə, o cümlədən Azərbaycanda sosial şəbəkələrlə, sosial şəbəkələrdəki hərc-mərcliklə bağlı tədbir görülməsi çətinliklərlə müşayiət olunur. Yəni dövlət belə hallar olanda tam olaraq necə davranacağını müəyyənləşdirə bilməyib. Bunun səbəbi odur ki, bu sahəni əhatə edəcək əsaslı qanunlar demək olar ki, yoxdur. Düzdür, müəyyən qanunlar var, konkret maddələr var. Bunları bilirik, amma ümumilikdə bu sahəni tənzimləyəcək qanunvericilik yetərli deyil. İllərdir ki, bir fikir səsləndirirəm və qanun təşəbbüsü olarsa, orada da yer almasını istərdim. "Sosial media istifadəçilərinin qeydiyyatı şəxsiyyət vəsiqəsi və ya pasportla həyata keçirilməlidir", - deyə bir maddə olmalıdır. Yəni insanların saxta profillər altında sosial media üzərindən fəaliyyət göstərməsinin qarşısı alınmalı, birmənalı şəkildə əngəllənməlidir.
Bu təklif, bu fikir təkcə Azərbaycanda deyil, ABŞ da başda olmaqla, dünyanın bir çox ölkələrində illərdir, ictimai rəydə var, müzakirə olunur. Təəssüflər olsun ki, hələ də bu istiqamətdə real addımlar atan ölkələr yoxdur. Düzdür, indi belə qanun qəbul etsək, müəyyən qara qüvvələr üstümüzə gələcək. Amma nəzərə almaq lazımdır ki, ifadə azadlığı həm də məsuliyyət, dürüstlük, ədəb, çərçivə deməkdir. Bütün bunlardan yayınmaq istəyən insanlar saxta adlar altında sosial mediada qeydiyyatdan keçir və digər istifadəçiləri narahat edir. Ona görə də qanun qəbul edilməsinin tərəfdarıyam".