Ancaq yol qəzalarında piyadaların da səhlənkarlığı az deyil
Son vaxtlar yol-nəqliyyat hadisələrinin sayı kəskin artıb. Xüsusilə, bir neçə nəfərin öldüyü ağır yol-nəqliyyat hadisələri artmaqdadır. Respublika əhəmiyyətli yollarda belə hallar daha çox baş verir. 2022-ci ilin yanvar-iyun aylarında ölkədə 817 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,2 faiz artaraq 1109 nəfər olub.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə "Şərq"ə açıqlamasında deyib ki, şəhərdə təcrübəsiz sürücülər hədsiz çoxdur. Onlar yollarda təhlükəsiz manevrlər edib təhlükəli vəziyyət yaradırlar. Bununla belə ekspertə görə, qəzaların baş verməsində tək həmin sürücülər günahkar deyil. Piyadaların da səhlənkarlığının payı var. E.Cəfərov həmçinin ölkəmizdə bir çox yolların bərbad vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, yollardakı vəziyyət bir çox hallarda qəzalara gətirib çıxarır:
"Burada yolların xətlənməsi, nizamlanması və təbii ki, işıqlandırılması nəzərdə tutulur. Bu gün ölkəmizdə elə şəhərlərarası əhəmiyyətli magistral yollar var ki, onlar heç işıqlandırılmayıb, qaranlıqdır və çala-çuxurdur. Qəzaların çox olmasının səbəbləri də bütün bu infrastrukturun standartlara cavab verməməsi və vaxtlı-vaxtında təmir edilməməsidir”.
Ekspertin fikrincə, qəzaların baş verməsinin əsas səbəblərindən biri sürücülərin qaydalara əməl etməməsi və məsuliyyətsizliyidir: “Bu gün bir çox sürücülər dönmə hərəkətini həyata keçirərkən dönmə işıqlarından istifadə etmirlər. Hava qaranlıq olanda işıqlandırmadan zəif istifadə edirlər. Bunlar təbii ki, qəzaların baş verməsinin əsas səbəbləridir. Birinci dərəcəli magistral yollar əslində təhlükəsiz sayılmalıdır. Lakin biz görürük ki, hətta bu yollarda da müəyyən çatışmazlıqlar olur.
Eyni zamanda Azərbaycanda yararsız və istismar müddətini başa vurmuş avtomobillərin sayı çoxdur.
Bu səbəbdən də köhnə avtomobillərlə törədilən qəzalar daha çox ağır xəsarətlər və ya ölümlə nəticələnir. Müasir avtomobillər daha təhlükəsiz hazırlanır və istehsalçılar qəza vaxtı insanların mümkün qədər az xəsarət almalarına önəm verirlər. Yəni ki, Azərbaycanda qəzaların qarşısını almaq üçün bir yox, hərtərəfli qaydada işlər görülməlidir. Bunun da əsas və ən yaxşı üsulu dövlət proqramını hissə-hissə həyata keçirməkdir.
Xatırladım ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” hazırlanıb. Mükəmməl proqram olmasına baxmayaraq, müddəaların icrası bir çox dövlət qurumları tərəfindən ləngidilir. Proqramda qəzaların sayının azaldılması üçün konkret istiqamətlər qeyd olunub. Bir növ yol xəritəsi hazırlanıb".