"Uşaqlar məktəb yaxınlığında və digər onlara yaxın ərazilərdə yerləşən mağazalardan siqareti asanlıqla əldə edirlər. Bu da onlara daha bir rahatlıq yaradır"
Son illər məktəblilər arasında zərərli vərdişlərə meyillilik çoxalıb. Valideyn nəzarətindən kənarda qalan bir çox məktəbli siqaret, spirtli içki, narkotik vasitə kimi həyat üçün zərərli vərdişlərə meyil edirlər. Nəticədə həmin şagird həm təhsildən yayınır, həm də gələcək həyatını sual altına salır. Bu məktəblilər təkcə özünü deyil, yaxın dostlarını da bu uçuruma doğru aparır.
Uşaqları bu və bunun kimi zərərli vərdişlərdən necə qoruya bilərik? Ümumiyyətlə, uşaqların bu həyat tərzi hansı psixoloji amillər nəticəsində meydana gəlir?
Mütəxəssislərin fikrincə, erkən yaşda siqaret çəkməyin çox ciddi fəsadları var. Azyaşlı oğlan və qızların siqaret çəkməsi birmənalı olaraq həvəsdir. Bu həvəs isə onların sağlamlığına ciddi ziyan vurur. Onlar potensial olaraq xərçəng xəstələri hesab olunurlar. Psixoloqlar isə hesab edir ki, siqaretin orqanizmə mənfi təsirləri ilə bərabər məsələnin psixoloji tərəfləri də diqqətdən yayınmamalıdır.
İlk olaraq bilmək lazımdır ki, uşaqlar niyə siqaret çəkir?
Bəzən normadan artıq özgüvən əksikliyi yaşayanda, ailədə davamlı şiddətə məruz qalanda, uşaqlarda modaya ayaq uydurmaq üçün, bundan əlavə dostlarının yanında özünü böyük göstərmək üçün siqaretə maraq yaranır. Bəzi uşaqlar isə siqaret çəkməyi öz böyüyündən gördüyü üçün uşaq ağlı ilə böyüməyin ilkin əlamətlərindən biri kimi dəyərləndirir.
Məsələ barədə “Şərq”ə açıqlama verən psixoloq Sənubər Yusifova da hesab edir ki, övladlarının yanında siqaret çəkən atalar uşaqlarına birbaşa mənfi örnəkdirlər:
"Düzdür, elə ailələr var ki, orada heç uşağın böyükləri siqaret çəkmir. Belə uşaqlar isə ətrafındakı təsirlərdən siqaret çəkməyə maraqlı olur. Valideyn uşağa xərclik verərkən onu hara, hansı cür xərcləyəcəyinə də fikir verməlidir. Mən də çox narahatam ki, orta məktəb şagirdlərinin siqaretdən istifadə etməsi gündən-günə artır. Uşaqlar bunu faydalı, lazımi bir vasitə kimi istifadə edirlər.
Siqaret çəkən insanın ən az 18 yaşı olmalıdır. Amma hazırda müxtəlif yaş kateqoriyasına mənsub olan uşaqlar buna əməl etmir. Onlar hətta bəzi nəzarətsiz məktəblərin həyətlərində siqaret çəkirlər. Uşaqlar siqareti əsasən qrup halında çəkirlər. Tək halda siqaret çəkən azyaşlı birisini görmək çətindir. Uşaqların siqaret çəkməyə başlamasının əsas səbəbi buna qrup şəklində başlamalıdır. Onlara baxıb, bu pis vərdişlərdən istifadə etməyənlər də siqaretdən istifadə edir. Aşağı siniflərdə oxuyanlar yuxarı siniflərin siqaretdən istifadə etməsini görüb, çəkməyə başlayırlar. Hətta bəziləri bunu özləri üçün fəxr hesab edirlər. Uşaqlar siqaretin necə zərərli bir vasitə olduğunu bilmir. Onlar siqaretin tərkibi və zərərlərindən xəbərsizdirlər. Çünki onlara siqaretin profilaktikasını keçməyiblər. Məktəbdə müəllimlər şagirdləri Həyat bilgisi kimi dərslərdə siqaretin zərərlərindən, onun tərkibindən, siqaret istifadə edərlərsə, gələcəkdə həmin uşaqları nəyin gözləməsindən xəbərdar etməlidirlər.
Mütəmadi məktəblərdə şagirdlərə siqaretə qarşı təbliğatlar aparılmalıdır. Yalnız bu yolla onlar bundan uzaq dura bilərlər. Mən bir neçə dəfə məktəb şagirdlərinə bunun profilaktikasını keçmişəm.
Bu zaman müşahidə etmişəm ki, şagirdlər siqaretin zərərlərindən xəbərsizdir. Uşaqlar məktəb yaxınlığında və digər onlara yaxın ərazilərdə yerləşən mağazalardan siqareti asanlıqla əldə edirlər. Bu da onlara daha bir rahatlıq yaradır. Uşaqlar siqaretdən imtina etməyi, sağlam yaşamağı düşünə bilmirlər. Çünki bu sahədə onların təcrübələri azdır. Uşaqlar arasında passiv siqaret çəkmə halları da yaşanır. Bu hal əsasən qrup halında siqaret çəkdikdə yaşanır. Orada siqaret çəkənlər aktiv formada, çəkməyənlər isə siqaretin tüstüsünü qəbul edərək passiv formada bundan istifadə edirlər”.