Sərnişinlərin metroya hissə-hissə daxil olması məqsədəuyğundur
Ekspert: "Biz çeşidli ictimai nəqliyyat şəbəkəsini yaradıb və inkişaf etdirməliyik. Bakıətrafı kəndlərdən mərkəzə axın edən əhalinin alternativ digər ictimai nəqliyyatı olmalıdır"
Onsuz da bərbad olan ictimai nəqliyyatımız dərslər başlayandan sonra lap dəhşət olub. Yollarda ucsuz-bucaqsız, marşrut avtobuslarında basabas üzündən uşaqlar dərsə, valideynlər işə gecikir. Vay o günə ki, yuxudan on beşcə dəqiqə gec durub, pik saata düşəsən...
Hər zaman işə-gücə gecikənlərin ümid yeri olan metrolar da son illər sərnişinləri yarı yolda qoyur. Platformada dayanıb metro vaqonunun yolunu gözləyən sakinlərin gözünün kökü saralır, amma qatar gəlib çıxmır. Gələndə isə adam çoxluğundan minmək mümkün olmur. Bir ümid növbəti qatarı gözləməli olursan ki, bəlkə bu dəfə tale üzümə gülə, heç olmasa, bir ayağımısa qatara yerləşdirə bilərəm. Çünki istəsək də pik saatlarda ikinci ayağımızı qoymağa yer tapmırıq.
Əslində bu yazdıqlarımız yeni bir şey deyil. Metroda sərnişin sıxlığı problemi uzun illərdir, müzakirə edilən, lakin real həlli hələ də tapılmayan problemlərdən biridir.
Amma bu dəfə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov mediaya açıqlamasında metroda sərnişin hərəkətinin nəzarətə götürüləcəyi və vətəndaşların platformaya hissə-hissə buraxılacağını açıqlayıb.
Mətbuat katibi deyib ki, Bakı Metropolitenində sıxlığı aradan qaldırmaq məqsədilə bir sıra tədbirlər görülür. Bunlar arasında ən son variant da sərnişinlərin platformaya hissə-hissə buraxılmasıdır: "Belə olan halda qatarlara minik və platforma üzərində hərəkət sayı azalacaq. Vətəndaşlar metroya minən zaman alternativ girişlərdən istifadə etsə, yaxud da "28 May" stansiyasına daxil olmaq üçün "Cəfər Cabbarlı" stansiyasından istifadə etsələr, sıxlıq bir qədər azalar. Bu halda vətəndaşlar təxmini 50 metr artıq yol qət edər. Bunun da qarşılığında metroya girişdə gözləməz".
Guya metroya sərnişinlər hissə-hissə daxil olanda sıxlıq yaşanmayacaq? Ola bilər platformalarda seyrəklik olsun. Bəs girişlərdəki sərnişin axınına necə nəzarət olunacaq. Hər gün işə, məktəbə və s. yerlərə tələsən yüzlərlə insan sıxlıq yaratmayacaq?
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə “Şərq”ə açıqlamasında deyib ki, hazırda Bakıda metroya alternativ ola biləcək sərnişindaşıma xidməti mövcud deyil. Metrodan istifadə edə bilməyən vətəndaşı daşıya biləcək və vaxtında mənzil başına çatdıracaq alternativ yerüstü marşrut xidməti olmalıdır: “Əslində mən bir ekspert olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibinin açıqlaması ilə razılaşıram. Təhlükəsizlik baxımından sərnişinlərin metroya hissə-hissə daxil olması məqsədəuyğundur. İstənilən halda platformanın və qapıların önü seyrəlməlidir".
Ekspertin sözlərinə görə, indiki halda metroda sərnişin sıxlığını azaltmağın ən optimal yolu yerüstü nəqliyyat infrastrukturunu təkmilləşdirməkdir. İlkin mərhələdə isə ictimai nəqliyyat üçün yaradılan xüsusi marşrut zolaqlarına marşrut avtobuslarından başqa heç bir nəqliyyat vasitəsi buraxılmamalıdır: “Bu sahədə çox böyük boşluqlar var. Mütləq şəkildə sərt nəzarət mexanizmi icra olunmalıdır.
Nisbətən yaxın perspektivdə isə alternativ olaraq yüngül reysli dəmiryol xəttlərinin çəkilməsidir.
Xüsusi marşrut zolaqları ilə bağlı sürücülər bəhanə gətirir ki, beş dəqiqəlik aptekdə saxlamaq lazım olur. Yol kənarlarında ancaq marşrut zolaqları olsa, sürücülərə bu kimi imkanlar yaradılmayacaq. Amma mən sizə Gürcüstan nümunəsini misal gətirmək istəyirəm. Xüsusi marşrut zolaqları yolun hərəkət hissəsinin düz ortasında təşkil olunub. Hətta dayanacaqlar da məhz yolun ortasındadır. Küçələrin infrastrukturu da buna uyğunlaşdırılıb. Hətta yol kənarlarındakı asfalt sahələr yaşıllıqla əvəz olunub. Əvvəllər şəhər sakinləri buna etiraz edib, yolun daralmasını bəhanə gətirsələr də, sonradan gördülər ki, daha effektivdir. Yol kənarındakı asfalt sahələr heç bir işə yaramayan ölü sahələr idi. Bunun isə ekoloji cəhətdən ancaq mənfi təsirləri olur”.
R.Ağamirzəyev hesab edir ki, paytaxt küçələrindəki birtərəfli yollarda əks istiqamətə yalnız marşrut avtobuslarının hərəkətini təşkil etmək olar:
"Bizdə ən uzun prospektlərdən biri Azadlıq prospektidir. Bu prospekt Həsən Əliyev küçəsi ilə kəsişən nöqtəyə qədər ikitərəfli fəaliyyət göstərir, oradan üzü dənizə tərəf gələndə isə avtomobillərin hərəkəti birtərəfli qaydada müşahidə olunur. Bu cür küçə və prospektlərdə əks tərəfə yalnız ictimai nəqliyyatın hərəkətini təşkil etməklə sərnişin axınını fərqli istiqamətdə paylaşdıra bilərik".
Ekspertin fikrincə, metroda sıxlıq yaranmasının əsas səbəblərindən biri də Bakıətrafı ərazilərin hamısının metroya gəlməsidir: "Biz çeşidli ictimai nəqliyyat şəbəkəsini yaradıb və inkişaf etdirməliyik. Bakıətrafı kəndlərdən mərkəzə axın edən əhalinin alternativ digər ictimai nəqliyyatı olmalıdır. Ən azı mövcud elektrik qatarlarının sayını artırmaq və metrodan istifadə edən vətəndaşların rahat hərəkətini təmin etmək lazımdır. İkinci bir problem isə Qırmızı və Yaşıl xətlərin eyni stansiyada birləşməsidir. Bu xətlərin birləşməsi intervala çox ciddi təsir edir. Mütləq ayrı olmalıdır və hər xəttin ayrıca deposu olmalıdır. Bu, dünyanın bütün ölkələrində belədir . Əslində əvvəllər xətlərin ayrılması ilə bağlı bir layihə vardı, hansısa səbəbdən həyata keçirilmədi. Hazırda bizim bir depomuz var, Nərimanov Elektrik Deposu. Qırmızı və Yaşıl xətlərin deposu oradır. Xocahəsən deposu isə hələ ilin sonunda təhvil veriləcək. Dərnəgül deposu isə hələ inşa edilməyib. Sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası isə yeni stansiyaların tikintisidir. Təxirə salınmadan “Koroğlu” metrostansiyası ilə “Dərnəgül” metrostansiyası arasında yeni metro xətti tikilməlidir. Amma bizdə metro tikintisi çox uzun çəkir. Bu da Bakının relyefinin mürəkkəb olması ilə bağlıdır. Bu layihələr həyata keçirilənə qədər isə yerüstü nəqliyyatla bağlı vacib olan işlər görülməlidir ki, metroya çox yük düşməsin. İkidayanacaqlı “ekspress” avtobuslar fəaliyyətə başlamalıdır. Sərnişinlər “Dərnəgül” metrostansiyasının qarşısında marşruta minib “Koroğlu” metrostansiyasının qarşısında düşə bilsin. Bunun üçün də aidiyyəti qurumlarımız koordinasiyalı işləməlidir”.