Həkim-infeksionist: “Bunun heç bir təhlükəsi yoxdur”
“Pfizer” və “BioNtech” şirkətləri ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinə müraciət ediblər.
Bu şirkətlər koronavirusun “Omikron” variantına qarşı mübarizə məqsədilə 5-11 yaşlı uşaqlar üçün nəzərdə tutulan yeni vaksinin təcili tətbiqinə icazə verilməsini xahiş ediblər. “Moderna” şirkəti həm də 6 yaşlı uşaqlar üçün COVID-19-a qarşı yenilənmiş busterdən təcili istifadə olunmasına icazə istəyib.
“Moderna” şirkətinin tvitter səhifəsində dərc edilmiş xəbərdə bildirilir ki, yeni vaksin 6-11 yaş və 12-17 yaş arası uşaqlar üçün nəzərdə tutulur. Hazırda “Moderna” şirkətinin busteri yalnız yaşlılar üçün əlçatandır.
“Pfizer” şirkəti isə bildirib ki, onun busterindən təcili istifadə edilməsi üçün müraciəti daha əvvəlki vaksinlərin təhlükəsizliyi və effektivliyi üzrə sınaqların nəticələrinə və yeni vaksinin klinikadan əvvəlki tətbiqi barədə məlumatlara əsaslanır. Bu şirkət yeni vaksinin 6 aylıqdan 11 yaşa qədər uşaqlar arasında təhlükəsizliyi, ona dözümlülük və effektivlik barədə tədqiqatlar aparmağa başlayıb.
ABŞ-ın Qida Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsi avqust ayında 12 yaş və daha böyük şəxslər üçün 30 mkq buster dozasının təsdiq edib. O vaxt idarə yaşlılar üçün “Moderna” vaksininin yenilənmiş variantını da bəyənib. Vaksinlər COVID-19-a qarşı sonuncu vaksin dozasından ən azı iki ay sonra tətbiq edilmək üçün bəyənilib.
Qeyd edək ki, uşaqlara peyvənd vurulması ilə bağlı bizim ölkəmizdə fikirlər haçalanır. Bəziləri uşaqlara peyvənd vurulmasının əleyhinə olduğunu deyir. Mütəxəssislər isə COVID-19-un yoluxduruculuq və letallıq faizinin daha yüksək olduğu yeni mutasiyaların yaranma ehtimalını nəzərə alaraq vətəndaşların buster (qüvvətləndirici) doza ilə peyvəndlənməsini tövsiyə edir və kütləvi immunitetin formalaşması istiqamətində önəmli addım kimi qiymətləndirir.
Həkim-infeksionist Vasif Əliyevin sözlərinə görə, uşaqlara buster doza peyvənd vurulmasında heç bir təhlükə yoxdur: "Əgər hansısa ölkədə uşaqlar koronavirus əleyhinə vaksinasiya yaşına uğun olaraq iki doza peyvənd olunubsa, buster doza da vurdura bilər".
Ümumilikdə isə infeksionist deyib ki, koronavirus əleyhinə vaksinlərin uşaqlara vurulması təhlükəli deyil: “Əgər peyvənd olunmasına bir əngəl yoxdursa, təbii ki, vaksin oluna bilər. Hazırda vaksinin uşaqlara vurulması kimi bir tələb yoxdur, amma qadağa da yoxdur. Buster doza vaksinin uşaqlara vurulması onların öz istəyinə əsasən mümkündür".
Xatırladaq ki, Azərbaycanda yaşı 12 və daha yuxarı olan uşaqlar və yeniyetmələr COVID-19 əleyhinə "Pfizer" vaksini ilə peyvəndlənirlər. Uşaqların vaksinasiyası hər iki valideynin icazəsi ilə həyata keçirilir.