“Onlar həm küçələrdə dilənçilik edir, həm də zərərli vərdişlərə aludə olublar”
“Yevlağın icra hakimiyyəti komissiyası ananın hüquqlarını məhdudlaşdıraraq uşaqların qapalı müəssisədə reabilitasiyasını həyata keçirməlidir”
Sosial şəbəkələrdə küçədə gecələyən iki yeniyetmənin görüntüləri yayılıb.
Səməd Vurğun küçəsində karton kağızların üzərində yatan uşaqlarla bağlı məsələni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyi nəzarətə götürüb. Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov un sözlərinə görə, məsələni araşdırmaq üçün əməkdaşlar əraziyə yönləndiriliblər.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə “Şərq”ə açıqlamasında deyib ki, bu uşaqlar yersiz- yurdsuz olduqlarından küçədə gecələməyib. Onlar narkotik maddə qəbul etdikdən sonra evə getməyə belə halı qalmayıb:
“Bir az əvvəl hüquq- mühafizə orqanı əməkdaşlarından bu barədə məlumat aldım. Artıq həmin uşaqların kimliyi müəyyən olunub. Küçədə gecələyən hər iki yeniyetmə Roman qrupuna məxsus icma üzvləridir. Onların anaları da var. Anaları bu uşaqları diləndirib qazanclarını əllərindən alır. Uşaqlar həm küçələrdə dilənçilik edir, həm də zərərli vərdişlərə aludə olublar. Uşaqların hər ikisinin artıq illərdir, küçədə diləndikləri də bəlli olub. Təcili olaraq Yevlağın icra hakimiyyəti komissiyası ananın hüquqlarını məhdudlaşdıraraq uşaqların qapalı müəssisədə reabilitasiyasını həyata keçirməlidir”.