“Dövlət qurumlarında rüşvətxorluq, korrupsiya hallarına yol verənlər cəzalandırılacaqlar”
“Xüsusən dövlətin müdafiəsi və təhlükəsizliyi məsələlərini həyata keçirən orqanlarda analoji vəziyyət qəbuledilməzdir”
"Dövlət qurumlarında rüşvətxorluq, korrupsiya hallarının olması utancvericidir və buna yol verən şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır".
Bu sözləri "Sherg.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, xüsusən dövlətin müdafiəsi və təhlükəsizliyi məsələlərini həyata keçirən orqanlarda analoji vəziyyət qəbuledilməzdir:
"Qanun qarşısında kimliyindən asılı olmayaraq, hər kəs cavabdehlik daşıyır. General, sıravi əsgər, adi vətəndaş olması rol oynamır. Maliyyəçilər sözügedən məsələdə diqqətli olmalıdır. Hamı bilməlidir ki, cəmiyyətin gözü Azərbaycan ordusunun üzərindədir. Baş verənləri də insanlar yaxşı qarşılamırlar.
Dövlətin müvafiq qurumları və xüsusən də, Dövlət Təhlükəsizlik Xidməti bu məsələlərə ciddi nəzarət edir. Adam məsələn, 8 milyon dövlət vəsaitini təyinatı üzrə xərcləməyibsə, aydınlıq gətirməlidir. Həmin məbləği hara, kimə və hansı şəkildə verdiyi sübut olunmalı və göstərilməlidir".
Qeyd edək ki, Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edilib. 27 sentyabr 2022-ci ildə Bakı Hərbi Məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətində istintaqı davam edən cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi Məlikzadə Rəşad Səfər oğlu barəsində vəsatətə baxaraq, onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edib.