Erkən nikahların sayı artır


Əhməd Qəşəmoğlu: “30 ildir bununla bağlı SOS siqnalı verirəm, baxan yoxdur”

“İcra hakimiyyətləri yanında yeniyetmələrlə iş qurumu, bu problemlə bağlı səlahiyyətli olan bələdiyyələr var, heç biri işləmir”



  Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi iddia edilib.  Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, qız 11-ci sinifdə oxumalıdır, amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. İki həftə sonra da toyları olacaq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ barədə araşdırma aparıldığını deyib. 
Sosioloq Əhməd Qəşəmoğlunun “Şərq”ə açıqlamasına görə,  mövcud problemlə bağlı humanitar siyasəti dəyişməyin zamanıdır: “Bu mövzuda dəfələrlə müzakirələr aparılıb, maarifləndirmə, təbliğat işləri görülüb. Bəs, niyə bütün bunların nəticəsi yoxdur? Ona görə yoxdur ki, biz bu işi lazım olan səviyyədə görmürük, lazım olan işlər aparılmır. 
  Problemin kökündə təkcə iqtisadi faktor dayanmır. İllərdir ki, bu problemlə mübarizə aparırıq. Əlbəttə ki, məsələ ilə bağlı qanun var, lakin həmin qanunlar yetərincə işlədilmir. Bütün bunlar qanun, bələdiyyə, polisin gözü qarşısında baş verir. Daha bir məsələ, cəmiyyətin biganəliyidir. Erkən nikahların baş verdiyi yerdə camaat, əhali buna hazırlanmalıdır, polislərlə, bələdiyyələrlə, eyni zamanda ata-analarla, məktəblərlə ayrıca işlər aparılmalıdır. Bütün bunlar kompleks şəkildə təşkil olunmalıdır. Bu gün icra hakimiyyətləri yanında yeniyetmələrlə iş qurumu, bu problemlə bağlı səlahiyyətli olan bələdiyyələr var. Amma onların heç biri işləmir.

  30 ildir bununla bağlı haray salıram, SOS siqnalı verirəm, baxan yoxdur. Məsələ burasındadır ki, bu problemin qarşısını almaq üçün tamamilə başqa işlər görülməlidir. İndi görülən işlər sadəcə özümüzü aldatmaqdır. Qızlarını tez ərə verənlər arasında araşdırmalar aparmışam, erkən yaşda ərə gedən qızlarla da söhbətlər etmişik. Əvvəla, bir çox qızları döyə-döyə ərə vermirlər. Elə qızlar var ki, onların dünya görüşü elə formalaşdırılıb ki, artıq 14-15 yaşından ərə getməyi arzulayır. Bir neçə dəfə rayonlarda bu cür halların qarşısını almağa nail ola bilmişik.   Hesab edirəm ki, bu barədə dövlət tərəfindən aparılan humanitar siyasətdə dəyişikliklər olmalıdır, işlər fundamental şəkildə görülməlidir. Gündən-günə həssaslaşan, artan prosesi başdansovdu hansısa tədbirlər vasitəsi ilə həll etmək mümkün deyil.
  Bəzi valideynlər deyir ki, “əgər mən qızımı oxutmayacamsa, onu niyə evə yük edim, elə indidən ərə verim”. Amma məsələnin kökündə təkcə iqtisadi problem dayanmır. Sovet dövründə 50-60-cı illərdə də iqtisadi problemlər, çətinliklər var idi, amma o zaman hamı qızını ərə vermirdi, cəmiyyətdə elə bir ovqat var idi ki, qızlar oxumalıdır və qızların oxuması üçün köməkliklər edilirdi. Bunun üçün də bütün universitetlərin, texnikumların yataqxanaları var idi. Qızlar Bakıya gələndə onlar üçün yataqxanalar təşkil edilirdi. Amma indi valideynlər deyir ki, qızımı Bakıya göndərə bilməyəcəm, çünki mənzil kirayələməyə imkanım yoxdur".