“Qutsal qanlarını bizim üçün tökən, canlarını torpağın Vətən, Vətənin möhkəm dövlət olması uğrunda fəda edən şəhidlər bu xalqın ən həssas nöqtəsidir".
Bu sözləri "Sherg.az"a Azərbaycan Yüksəliş (AY) Partiyası başqanı Anar Əsədli deyib. Onun sözlərinə görə, qazi və şəhidə hörmət, diqqət, qayğı, istisna təşkil edəcək durumlarda xüsusi qərarların verilməsi və s. Azərbaycanın da dövlət nümayəndələrinin prioriteti olmalıdır:
"Dövlət olaraq, mövcudluğumuz, qanunun aliliyindən danışmağımız şəhidimizin qanı və ruhu hesabınadır. Bunu görə bilməmək vətənə də, dövlətə də xəyanətdir. Şəhid Səbuhinin qardaşı bir neçə dəfə gündəm oldu. Kimsəsiz böyüyən, bir-birindən başqa ailə üzvü olmayan iki gənc qardaşın çətin həyatı xalqımızın ürəyini dağladığı halda, az qala hər gün qanun pozan Azərbaycan məmurunun vicdanını sızlatmadı.
Şəhid qardaşına ev vermək məsələsinə gəldikdə qanunpərəst, hərfən qanun bələdçisi oldular. Ayıb deyilmi?! Kimi aldadırsınız?! Kimdir, sizə inanan?! SOS kəndləri yetimxana deyilmiş, bəs nə imiş?! 5 ulduzlu oteldir?! SOS kəndində böyüyən valideyn himayəsində yaşayıb?! SOS uşaq kəndləri valideyn himayəsindən məhrum olmuş və digər problemli uşaqlara qayğı göstərilməsi məqsədi ilə yaradılıb. Yəni yetim.
Başa düşmürlər, yetim nə deməkdir?! Onlara bundan daha açıq ifadə ilə necə anladaq?! Düşünmürlərmi, müharibənin törədəcəyi saysız-hesabsız fəsadlarla bağlı hansı addımlar atılmalıdır?! O görülən tədbirlər ki, atasız, anasız vətəndaşlarımız da nəzərə alınsın.
Bu situasiyaları heçmi düşünmədilər?! Səbuhinin qardaşı onun illərdir, tək ailə üzvü olub. Yəni iki qardaşdan ibarət bir ailə. Bunu həm onlar, həm də xalq bilir. Məgər bu, istisna durum kimi dəyərləndirilə bilməz ki?! Bəs bu istisna vəziyyətləri həll edə bilməyəcəklərsə, o zaman nə işə yarayacaqlar?!”.
Təşkilat rəhbəri qeyd edib ki, belə hadisələr bizim xarici təhdidlərə qarşı hərbi-ideoloji immunitet qazanmağımızın qarşısını alır:
“Dövlətin sütunu sayılan bu həssas təbəqəyə qarşı aparılan yarıtmaz siyasətlə ölkənin hərbi-siyasi immuniteti öldürüldükdən sonra ən müasir silah olsa da, kim döyüşəcək?
Sülh sazişinin imzalanmadığı hər gündə müharibə riski mövcuddur. Rusiya və İran var gücü ilə sülh prosesinə mane olur. Hələ də Ermənistan Silahlı Qüvvələri Xankəndi, Xocalı və ətraf ərazilərdən çıxarılmır. Belə olan təqdirdə hərbi əməliyyat qaçılmazdır.
Yəni savaş bitib, ancaq təhlükə sovuşmayıb. Savaş əzminin ölməsinə qəti şəkildə yol vermək olmaz. Xalqı ən həssas yeri olan şəhidi ilə sınamasınlar. Yalan-palan qurub, nağıl danışmasınlar. Yığdıqları var-dövləti bu xalq sorğulasa, qanunun “Q” hərfini də tapmayacaq. Düşüncəsiz açıqlamalardansa, fəaliyyətlərini düzgün və milli maraqlar aspektindən yanaşaraq, qursunlar. Zəngilanın Ağalı kəndinə köçürülən ailələrin bir neçəsi Masazır qəsəbəsindəki Zəngilan şəhərciyində yaşayıb.
Həmin qəsəbədəki o yaşayış binaları dövlətin, yəni biz vətəndaşların vergisi hesabına tikilib. Zəhmət çəkib, o mənzillərdən birini şəhidimizin qardaşına təqdim etsinlər. O ailələr bu gün öz dədə-baba torpaqlarında yaşayırsa, bu, şəhidlərimizin qanı bahasınadır. Demək ki, şəhid ailəsinin o evlərdə yaşamaq təbii haqqıdır”.
A.Əsədli iş adamlarına da müraciət etdi:
“Hardasınız, gəmisinə şəhid adı verənlər, müharibə zamanı göstərdikləri maddi dəstəkdən dolayı mükafat aldıqları ilə öyünənlər, pulunu “Vətən, millət, Sakarya” üçün xərclədiyindən ağızdolusu danışanlar?! Niyə Səbuhinin qardaşını görə bilmirsiniz?! Hanı Rusiyadakı milyonçu azərbaycanlılar?! Şuşada şəkil çəkdirən, “Vətən” bağıran imkanlı diaspor nümayəndələri?! "Fonda 50 min, 100 min pul köçürdüm”, - deyib “hava atanlar”?! Xalqımızın qeyrətli və vicdanlı oğullarına səslənirəm: Dövlətimizin imkanları ola da bilər, olmaya da. Yaxud da yarıtmaz məmurlar bu imkanları düzgün dəyərləndirməyib, ikrah hissi yarada bilərlər. Səssiz qalmayın. Şəhidimizin qardaşına sahib çıxaq!".
Qeyd edək ki, Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib.
O bildirib ki, ailə üzvlərinin sayına görə, bu təklifə rədd cavabı verib:
“Dedilər ki, sizə birotaqlı ev veriləcək. Mən isə qardaşım evə görə döyüşməyib, dedim. O, yaşasaydı, dekabr ayına qədər mənzil alacaqdıq. Mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmirəm. Mənim qızım və həyat yoldaşım var. Hətta kirayə qaldığım evdə belə qonaqları qəbul etmək üçün zal var.
Onlar da dedi ki, sənə ikiotaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o birotaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedi ki, qanun belədir, qardaş ailə hesab edilmir”.