Hərbi həkimin qazilərdən rüşvət alması nonsensdir

Natiq Mehdiyev:“Belələri pul qarşılığında öz yoldaşlarını da düşmənə satarlar”

Kamil Musavi:“Bu cür insanlar vaxtında aşkar olunmalıdırlar”


"Kimliyindən asılı olmayaraq, vəzifədə oturan məmurun, dövlət qulluqçusunun rüşvət almağını şiddətlə qınayıram". 
Bu sözləri "Sherg.az"a açıqlamasında Qarabağ qazisi Kamil Musavi bildirib. Onun sözlərinə görə, rüşvət alan insan xalqa, millətə xidmət etmək üçün deyil, hər hansı iş vəd edərək, qarşılığında pul almaq üçün vəzifədə oturur:

"Bu cür insanlar vaxtında aşkar olunmalı və birmənalı şəkildə həbs edilməlidirlər. Bizə - millətimizə sağlam dövlət və bütöv Azərbaycan lazımdır!".

Qarabağ qazisi, ehtiyatda olan XTQ giziri Natiq Mehdiyev də vurğulayıb ki, rüşvət almaq ən haram əməldir:

"Nəyinsə müqabilində pul vəsaiti tələb edən hərbi həkimlər yaxşı ki döyüş meydanında olmayıb. Əks halda rüşvət qarşılığında öz yoldaşlarını da düşmənə satardı. Nəyinki hərbçi, mülkü şəxsdən də rüşvət almaq acizcəsinə davranışdır. Təklif edirəm ki, bəziləri ibrət götürsün deyə həmin adamlara cəmiyyət qarşısında ən ağır cəza verilsin”. 

Qeyd edək ki, qazilərdən rüşvət alan hərbi həkimlər həbs olunublar. Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib. Hökmə əsasən, təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilib. Vüsal Eyvazov 2 il, Hüseyn Ağayev isə 1 il 6 ay azadlıqdan məhrum edilib.