“Övladı ona artıq kimi görünür”
"Həkimlər də etiraf edirlər ki, bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi təhlükəlidir”
Ötən il Azərbaycanda 425 məktəbli ana olub. Dövlət Statistika Komitəsi 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayını açıqlayıb.
Bu analardan doğulan uşaqların ümumi sayı 9 476 nəfərdir. Onlardan 84 nəfəri 16 yaşa qədər analar, 341 nəfəri 16 yaşlı analar, 1225 nəfəri 17 yaşlı analar, 2 972 nəfəri 18 yaşlı analar, 4854 nəfəri 19 yaşlı analar tərəfindən doğulanlardır.
Məktəb yaşlı qızların ərə verilməsi və ana olması ölkə qanunvericiliyinə ziddir və daimi olaraq ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilir. Çünki məktəb yaşında ana olan qızlar zorla ərə verilməklə sosial hüquqlarından imtina etmək məcburiyyətində qalırlar. Təəssüflər olsun ki, qızların 4, 5 və 6-cı siniflərdən məktəbdən çıxarılması və 13, 14 yaşlarında nişanlanması, 14-15 yaşdan etibarən ərə verilməsi bəzi bölgələrdə yerli ənənə hesab olunur. Onlar təhsil almaq və cəmiyyətə inteqrasiya etmək hüququndan məhrum edilir və cəmiyyətdən təcrid vəziyyətinə düşürlər.
Yetkinlik yaşına çatmayan qızlar adətən dini kəbin kəsməklə ərə verilir və rəsmi nikahdan kənarda qalırlar. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların müstəqil ailə qurmaq və təhsil almaq hüququnun əlindən alınması ilə nəticələnir. Həm də bu yaşda olan qızlar ailə, uşaq sahibi olmaq qurmağa fizioloji, psixoloji cəhətdən hazır deyillər axı. Erkən ana olan qadınların sonradan uşaqlarından imtina etmək, uşaq evlərinə vermək, uşaqlarına düzgün tərbiyə verə bilməmək halları çox olur.
Psixoloq Sənubər Yusifovanın “Sherg.az"a açıqlamasına görə, yeniyetmə qızlarımızın təhsildən yayındırılaraq erkən yaşlarında nikaha məcbur edilməsi son illər Azərbaycanda geniş yayılmaqdadır. Bu səbəblə gənc qızlarımızın intihar statistikası da çox ciddi şəkildə həyəcan təbili çalmaq üçün əsas verir: “İntihara əl atan qızlar başqa etiraz formasına gücləri çatmadığı üçün həyatla vidalaşmağı üstün tuturlar. Bu istiqamətdə hər nə qədər silsilə tədbirlər keçirilib, maarifləndirmə işləri aparılsa da, erkən nikahlar və yeniyetmə analar Azərbaycanda aktual problemlərdən biri olaraq qalmaqdadır.
Fizioloji və psixoloji baxımdan qızların ailə qurması üçün ən yaxşı yaş həddinin 20-30 yaş arasıdır. Ərə getmək üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır. Bu baxımdan hələ 17 yaşı tamam olmayan bir qız ərə gedən zaman orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən, birbaşa beyinlə əlaqədar olan endokrin orqanlar öz funksiyasını tam şəkildə başa çatdırmamış olur. Ona görə də belə qızlarda bir sıra fəsadlar üzə çıxır”.
Psixoloq erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşmasının real problem olduğunu deyib: “Çünki onun özü hələ uşaqdır. Ana ilə uşaq arasında 14-15 yaş fərq olur. Bacı-qardaş arasında da belə fərq ola bilər. Həm də onların emosiyası da tam böyük insanın emosiyası deyil. Onlar üçün orta rəng yoxdur. Həyat ya qara, ya ağ, yaxşı, ya da pisdir. Ona görə də reaksiyaları bəzən çox kəskin olur. O cümlədən öz uşaqlarına qarşı. Özü hələ uşaq olan, gəlinciklərlə oynamaqdan doymayan bir insanın özünün övladı dünyaya gələndə o uşaq ona artıq kimi görünür. Analıq hissini qətiyyən dərk etmirlər. O qızlarda analıq hissi yerli-dibli inkişaf etmir. Analıq hissinin inkişafı üçün qadına müəyyən yaş həddi lazımdır. Həmin yaş həddi yetişmədiyinə görə ana olmaq onlar üçün psixoloji zərbədir. Qızların erkən ailə qurmasına və ana olmasına göz yummaq düzgün deyil. Bu cür problemlər çox ciddi psixi pozğunluqlarla nəticələnə bilir.
Valideynlər diqqətli olmalıdır. Öz övladlarını təhlükəyə atmamalıdır. Maarifləndirici tədbirlər, verilişlər olmalıdır. Çünki bütün bunlar sağlam gələcəyimiz üçün vacibdir”.
Psixoloqun sözlərinə görə, qızların bu yaşda ərə verilməsi tibbi baxımdan da düzgün deyil: "Həkimlər də etiraf edirlər ki, bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlar zəif və azçəkili olur. Çox gənc ana tərəfindən dünyaya gətirilən körpələrin həyatlarının birinci ili ərzində dünyasını dəyişməsi ehtimalı daha çoxdur. Çünki gənc yeniyetmələrin az hissəsi tam inkişaf səviyyəsinə çatmayıb. Ərdə olub olmamasından asılı olmayaraq, yeniyetmə qızların və gənc qadınların hamiləliyi təxirə salmaq üçün sosial yardıma ehtiyacları vardır. Erkən hamiləliyə aidiyyəti olan bütün tərəflər -yeniyetmə qızlar və gənc qadınlar, yeniyetmə oğlanlar və gənc kişilər, eləcə də onların ailələri bunun şərtləndirdiyi risk və ona yol verməmək barədə məlumatlı olmalıdırlar. Buraya HİV də daxil olmaqla cinsi yolla keçən xəstəliklərin qarşısının alınması yollarına dair məlumat da daxil edilməlidir".
S.Yusifovanın sözlərinə görə, bu sahədə maarifləndirmə tədbirlərinin davamlı olaraq aparılmasına ehtiyac var: "Düzdür, həm yerli QHT-lər, həm də aidiyyəti qurumlar mütəmadi olaraq maarifləndirmə işləri həyata keçirirlər. Amma bu yöndə tədbirlər davamlı olmalıdır və xüsusilə valideynlərə başa salınmalıdır ki, qızların erkən nikaha daxil olması onların gələcəyi və sağlamlığı üçün böyük təhlükədir".