Qadınların daha çox yaşamasının real SƏBƏBLƏRİ

“Bir kişinin problemi olanda günlərlə kiminləsə danışmaqdan, ünsiyyət qurmaqdan qaçır”
“Qadın isə problemi olan kimi rəfiqələrinə zəng edəcək, problemini danışacaq, çıxış yolu axtarmağa çalışacaq”
“Buradan da görürük ki, insan problemini paylaşdıqca onda psixoz və bundan doğan fizioloji xəstəliklər az olur”
  Azərbaycanda orta ömür uzunluğu açıqlanıb. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi rəqəmlərə əsasən xəbər verilir ki, ötən il kişilərdə orta ömür uzunluğu 71.3, qadınlarda 75.9 olub.
Qeyd edək ki, təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə qadınlar kişilərdən 8 il çox yaşayırlar. Xərçəng, qan-damar xəstəliklərinə görə çox sayda kişilər öldüyünə görə qadınların ömrü kişilərdən daha uzundur. Tədqiqatlar göstərir ki, qadınların kişilərdən çox yaşamasına səbəb ancaq şərait və mühit deyildir. Bunun genetik təsirləri də vardır. Hazırda ölümə 7 amil səbəb olur: ürək-damar xəstəlikləri, ağciyər xərçəngi, ağciyər anfizemi, avtomobil qəzaları, qaraciyər sirrozu, intiharlar. Bir çox kişilərin daha tez ölməsinə səbəb - siqaret çəkmələridir. Siqaret çəkmək də qan-damar xəstəliklərinə və xərçəngə düçar olur. Alkoqollu içkilər içmək də o cür.
"Sherg.az"a danışan  Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, burada psixoloji, fizioloji və gen faktorları mühüm rol oynayır: “Qadınlar psixoloji gərginliyə qarşı davamsız və bunun qarşılığında müəyyən qədər emosionaldırlar. Qadınların emosional olması onları psixoloji cəhətdən sığortalamış olur. Əgər qadının bir problemi varsa, onu paylaşaraq həll etməyə çalışır. Kişilər isə problemi, gərginliyi olanda bunu daha az paylaşır və əsasən öz daxilində həll etməyə cəhd edir. Olur ki, bir kişinin problemi olanda günlərlə kiminləsə danışmaqdan, ünsiyyət qurmaqdan qaçır. Qadın isə problemi olan kimi dərhal mobil telefonu əlinə alıb, rəfiqələrinə zəng edəcək, problemini danışacaq, çıxış yolu axtarmağa çalışacaq. Buradan da görürük ki, insan problemini paylaşdıqca onda psixoz və bundan doğan fizioloji xəstəliklər az olur. Diqqət etdikdə görürük ki, kişilərdə ürək-damar xəstəlikləri və digər bunun fonunda olan xəstəliklər çox olur. Demək ki, qadınların daha çox yaşamasının səbəbi emosional, orqanizmin sağlam olması, periodik olaraq onlarda təmizlənmə prosesinin getməsidir. Bu, həm fiziki, həm də psixoloji sağlamlığa təsir göstərir. Ona görə də mütəxəssislər hər zaman vurğulayır ki, əgər hər hansı bir problem, çətinlik varsa, onu mütləq danışmaq, paylaşmaq lazımdır. Məsələn, əgər şəxsin iqtisadi problemi varsa, onu iqtisadçı ilə, hüquqi problemi varsa, hüquqşünasla, psixoloji problemi varsa psixoloqla məsləhətləşə bilər. Bu zaman problemlər də öz həllini tapır. Lakin çox təəssüf ki, bu mədəniyyət, yanaşma kişilərimizdə hələ ki tam formalaşmayıb. Əgər formalaşarsa, bu, kişilərin də uzunömürlü olmasına gətirib çıxaracaq, həm də fiziki durumlarına müsbət təsir göstərəcək".
  Psixoloqun sözlərinə görə, digər bir səbəb isə kişilərin alkoqola daha çox meylli olmasıdır: "Bu məqam son vaxtlar daha da artıb və kişilərin ömrünün azalmasına gətirib çıxaran amildir. Həmçinin onkoloji xəstəliklər artıb. Əgər aktiv, düzgün həyat tərzi olsa, qadınlarla kişilər arasında uzunömürlülük fərqi az olar”.