Şəhid Həsən Həsənovun xatirəsi anılıb

Vətən müharibəsində qəhrəmancasına şəhid olan, Azərbaycan Ordusunun çavuşu Həsən Rəhim oğlu Həsənovun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət edilib, məzarı üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub.

Sherg.az azərtaca-a istinadən  xəbər verir ki, anım günündə şəhidin ailəsi ilə bərabər, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər icra hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin valideynlərinə belə qəhrəman, igid oğul böyütdükləri üçün minnətdarlıq edib, Vətən uğrunda canını fəda edən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, əsgər və zabitlərimizin şücaətindən danışılıb. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi Həsənin də döyüşlərdə göstərdiyi şücaətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, ölkə başçısının sərəncamı ilə bir neçə medalla təltif edildiyi vurğulanıb. Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin şəhidlərin gələcək nəsillərə tanıdılması ilə bərabər, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığı qeyd edilib.

Anım günü “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində şəhid Həsən Həsənovun xatirəsinə həsr olunan tədbirlə davam edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Gənclər Evinin direktoru Əfqan Həsənov rəhbərlik etdiyi qurum tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər və layihələr haqqında danışıb. Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova bir daha şəhid ailələrinə icra hakimiyyəti adından başsağlığı verib, belə cəsur, vətənpərvər övlad yetişdirdikləri üçün valideynlərinə təşəkkür edib. Otuz il işğal altında olan torpaqların 44 gün ərzində azad olunduğu, Azərbaycan xalqının öz doğma torpaqlarına qovuşduğu üçün hər bir azərbaycanlının qürur hissi keçirdiyini bildirilib. Şəhidlərimizin ruhunun hər zaman uca tutulacağı, ehtiramla yad olunacağı qeyd edilib. Digər çıxış edənlər Həsən haqqında xatirələrini bölüşüb, şəhidlik məqamının müqəddəsliyindən danışıblar. Şəhidin təhsil aldığı 2 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bədii kompazisiya ilə çıxış ediblər.

Anım tədbirində Gənclər Evi tərəfindən şəhid Həsən Həsənov haqqında hazırlanmış təqdimat videosu nümayiş olunub.