Zurabişvili Saakaşvilini azadlığa buraxdıra bilməz  - RƏY

Onun əvvəldən belə bir niyyəti olsaydı, müraciətsiz də Saakaşvilini azadlığa buraxdıra bilərdi. Əfv müraciətinin olması bir növ şəxsin "sındırılıb" sonra həbsxanadan çıxarılması anlamına gəlir


  Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili əfv olunması üçün Prezident Salome Zurabişviliyə müraciət edib. Saakaşvili bu barədə özünün sosial şəbəkə səhifəsində yazıb. Deyib ki, Prezident Salome Zurabişvili ilə tam həmrəydir. Saakaşvili bildirib ki, Prezidentin təxribata uymaması və Rusiya prokurorluğunun tələbi ilə razılaşmaması xoşuna gəlib: "Diqqət etdim ki, xanım Salome Medvedyevin hədəsini diqqətdən yayındırmayıb. Amma ədalət həm də odur ki, Moskvanın məhz belə göstərişləri nəticəsində mən üç ildən artıqdır, qondarma ittihamlarla həbsxanada oturmuşam və Salome Zurabişvilinin bu qanunsuz həbsə görə tarixi məsuliyyət daşıyan rəhbər olmasını istəmirəm. O, bu ədalətsizliyi həqiqətən aradan qaldıra bilər. Millət, siz nə fikirləşirsiz?". Məlumat üçün deyək ki, Salome Zurabişvilinin Gürcüstanda 26 oktyabrda keçirilən Parlament seçkilərinin nəticəsini tanımaması və əhalini 28 oktyabrda mitinqə çağırması ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev reaksiya verib. O deyib: “Gürcüstanın kukla prezidenti seçkilərin nəticələrini tanımaqdan imtina etdi – belə hallarda standart təcrübə vəzifədən kənarlaşdırılma və həbs etməkdir". Zurabişvili isə deyib ki, onun çağırıldığı Baş Prokurorluğa getmək niyyəyi yoxdur. O, həmçinin qeyd edib ki, onun prokurorluğa çağırılması şübhəli şəkildə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin bəyanatı ilə üst-üstə düşür.
  AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Sherg.az"a deyib ki, onun şəxsi düşüncəsinə görə, siyasi liderliyə iddialı adam, özü də prezident S.Zurabişvilinin hakimiyyəti dövründə həbsxanaya salınmış bir şəxs dövlət rəhbərliyinə əfvlə bağlı müraciət etməməlidir. Analitikə görə, prezidentin hansı mövqedə olması, Saakaşvili ilə eyni baxışa sahib olması heç nəyi dəyişmir:

"Reallıq odur ki, sabiq Prezident Mixail Saakaşvili məhz Salome Zurabişvilinin rəhbərliyi dövründə azadlıqdan məhrum olunub. Saakaşviliyə münasibətim mənfidir. Onun həbsxanada saxlandığını iddia etmək də düzgün çıxmır, çünki əksər günləri xəstəxanada keçirib. Özü də Penitensiar Xidmətin xəstəxanasında yox, özəl, sivil xəstəxanada müalicə alıb. Yəni saxlanma şəraiti kifayət qədər normal olub. Əfvlə bağlı müraciət etməyə bilərdi. Əgər Zurabişvilinin əvvəldən belə bir niyyəti olsaydı, müraciətsiz də Saakaşvilini azadlığa buraxdıra bilərdi. Əfv müraciətinin olması bir növ şəxsin "sındırılıb" sonra həbsxanadan çıxarılması anlamına gəlir. Düşünürəm ki, məhz bu müraciətdən sonra Zurabişvili Saakaşvilini həbsxanadan buraxdıra bilər, ən azından buna çalışır. Ancaq "Gürcü Arzusu"nun buna mane olmaq üçün əlindən gələni edəcəyi ortadadır. Saakaşvili isə artıq Qərbə lazım deyil. Zamanında istifadə edib kənara atdılar. Bu, Qərbin dəfələrlə həyata keçirdiyi praqmatik yanaşmasıdır".