Beynəlxalq təşkilatlar isə ermənilərin bu vandallıqları qarşısında illərdir susurlar
Ermənilər öz öhdəliklərini yerinə yetirib, müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz
Qarabağ münaqişəsi həll olunsa da, Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam edir. Bu ölkə hazırda Azərbaycana qarşı mina terroru siyasəti həyata keçirir.
Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalar hər gün günahsız insanların canını alır, sağlamlığına ziyan vurur. Artıq son 4 gündə 6 nəfər Azərbaycan vətəndaşı Ermənistanın işğal və ondan sonrakı dövrdə bölgədə basdırdığı minalara düşərək həlak olub və ya ağır yaralanıb.
2022-ci il 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub.
Eyni gündə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu yaralanıb.
Oktyabrın 1-də isə Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş “Üçüncü sovxoz” adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu ağır xəsarət alıb.
2 oktyabr tarixində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.
Qeyd edək ki, Ermənistanın mina terroru nəticəsində baş verən partlayış hadisələri bunlarla bitmir. 2020-ci il noyabrın 10-dan bu vaxta qədər onlarla mülki şəxs və hərbçi mina partlayışı nəticəsində həlak olub və ya ağır yaralanıb.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq millət vəkili Çingiz Qənizadə “Şərq”ə açıqlamasında bildirib ki, ermənilər həm işğal dövründə, həm də Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarkən bölgəyə çoxsaylı mina döşənib, xeyli sayda partlamamış mərmi basdırılıb. Bütün çağırışlara baxmayaraq, Ermənistan postmüharibə dövründə həmin ərazilərin dəqiq xəritələrini Azərbaycana verməyib:
“Ermənistanın həyata keçirdiyi mina terroruna özlərini dünyaya sülh carçısı kimi təqdim edən beynəlxalq təşkilatların laqeyd münasibət göstərməsi ölkə ictimaiyyətində qıcıq doğurur. Haqlı olaraq hər kəs "beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirməyəcəklərsə, niyə mövcuddurlar" sualı ətrafında düşünür. Ermənistan Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalarla bağlı dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur. Beynəlxalq humanitar hüquqa görə, işğalçı ölkə zəbt etdiyi ərazilərdə məskunlaşma siyasəti həyata keçirə, mülki insanların yaşadığı əraziləri minalaya, dağıntı işləri apara bilməz.
Eyni zamanda işğal dövründə həmin ərazilərdə yaşayan mülki vətəndaşlara qarşı qeyri-qanuni davranıb, dövlət və şəxsi mülkləri talaya bilməz. Amma Ermənistan sadalanan bütün hüquq normalarına arxa çevirib. Qəbiristanlığımıza kimi dağıdıb ölülərimizin qızıl dişlərini çıxarıblar. Avropa İttifaqı ilə görüşlərdə Azərbaycan prezidenti minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana verilməsini tələb edib. Avropa İttifaqının da Ermənistanın qarşısına qoyduğu əsas şərtlərdən biri məhz həmin xəritələrin Azərbaycana təhvil verilməsidir.
Amma Ermənistan tərəfi hər zamankı kimi özünün terrorçuluq siyasətini davam etdirir. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməməsində əsas maraq isə bizim insanlarımızın öz yurd- yuvalarına qayıdışının qarşısını almaqdır”.
Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan Ermənistanın həyata keçirdiyi mina terroruna laqeyd münasibət göstərən beynəlxalq təşkilatlara hər nə qədər baş verən partlayışlar, insan itkiləri ilə bağlı məlumat versə də, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur:
“Halbuki, ortada bir sıra hüquqi aktlar və həmin o təşkilatların üzərinə götürdüyü öhdəliklər var. Regionda sülh və əminamanlıq istəyirik deyən beynəlxalq təşkilatlar vaxtında öz öhdəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, nə müharibə olar, nə də mina partlayışı nəticəsində həlak olanların statistikası hər keçən gün bir az daha artardı. Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil axı. Sülh istəyən güclər regionda sülhə əngəl olan qüvvələrin zərərsizləşdirilməsində Azərbaycana dəstək olmaq istəmirlər. Halbuki, ermənilərin təhlükəsizliyi ilə bağlı şişirdilmiş və uydurulmuş bir təhdid müzakirə mövzusu olan kimi ard-arda bəyanatlar verirlər”.
Sabiq deputat deyib ki, bütün beynəlxalq təşkilatlar mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməməkləri bir yana, minalanmış ərazilərin təmizlənməsi ilə bağlı da Azərbaycana dəstək göstərmir. Əslində onların bu riyakarlığı bizim üçün təəccüblü hadisə deyil:
“30 illən çoxdur biz beynəlxalq təşkilatların yeritdiyi ikili standartların şahidi olmuşuq. Ancaq bu bizi ruhdan salmamalıdır. Erməni vandalizmini özündə əks etdirən hər bir faktı aktlaşdırıb beynəlxalq təşkilatlara göndərməliyik ki, haqq davamızdan vaz keçmədiyimizi görsünlər. Əgər bu təşkilatlar regionda uzunmüddətli sülhdə maraqlıdırsa, o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərərək həqiqi mina xəritələrinin Azərbaycana təhvil verilməsinə zəmin yaratsınlar. Ermənilər öz öhdəliklərini yerinə yetirib, müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz”.