Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə əməllərinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib
Oktyabrın 4-də Ermənistanın Azərbaycanın Gəncə şəhərinə vurduğu ilk raket zərbəsindən iki il ötür. Bu qanlı terror bir mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib.
Gəncə terroru ilə bağlı fikirlərini “ Şərq”lə bölüşən millət vəkili Azər Badamov deyib ki, 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına məhəl qoymayaraq mülkü əhaliyə qarşı istifadəsinə qadağan olmuş ballistik raketlərlə Azərbaycanın Gəncə şəhəri 5 dəfə ayrı-ayrı zamanlarda bombalanıb:
“İlk belə hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. Ümumiyyətlə, 2020-ci ilin oktyabr ayında raket hücumları nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib. Gəncə soyqırımı Ermənistanın məkirli terror siyasətinin iç üzünü bir daha açıb göstərdi.
Belə terrorlar insanlığa qarşıdır və Gəncə şəhərinə səfər etmiş diplomatlar və xarici qonaqlar erməni vandalizminin və vəhşiliyin canlı şahidi olublar. Ermənistanın mülkü əhalimizə qarşı raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanıb. Amma təəssüf ki, beynəlxalq ictimaiyyətin törətdikləri hərbi cinayətlərinə görə Ermənistana təsir etməməsi erməniləri yeni hərbi cinayətlərin davam etdirilməsinə ruhlandırıb. Müharibənin bitdiyi iki ildə ermənilər Laçında və Kəlbəcərdə 2021-ci ilin istehsalı olan minalarla yenidən ərazilərimizi minalayıb. Cəzasızlığın olmasından sui-istifadə edən Ermənistan mütəmadi olaraq Azərbaycana qarşı təxribatlar törədir. Amma erməni təxribatlarının və hərbi cinayətlərinin qarşısını Azərbaycanın Silahlı Qüvvələri çox peşəkarlıqla alır. Azərbaycan sülh əlini uzatsa da, təəssüf ki, Ermənistan hələ də əlimizdən tutmur və öz cinayət xislətini davam etdirməyə çalışır. Hesab edirəm ki, Ermənistanın cinayətlərə bulaşmış siyasəti ancaq bu ölkənin məhvini sürətləndirir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim tarixə malik ikinci böyük şəhəri olan Gəncənin mərkəzinə əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə ilk hücumundan 2 il ötməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, Ermənistanın Vətən müharibəsi dövründə hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Gəncə şəhərində bir neçə dəfə törətdiyi terror aktları nəticəsində aralarında qadın və uşaqların da olduğu 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb: “Bundan başqa, şəhərin yaşayış binalarına, tarixi-mədəni və dini abidələrinə, nəqliyyat vasitələrinə, habelə digər mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib".
"Təəssüflər olsun ki, dəfələrlə tərəfimizdən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara mülki əhaliyə qarşı cinayətlərin törədilməsində təqsirkar olan şəxslərin müəyyən edilərək cəzalandırılması ilə bağlı müraciətlər edilməsinə baxmayaraq, beynəlxalq humanitar hüquq normalarını və tərəflər arasında elan olunmuş atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətlərində iştirak etmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə əməllərinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib. Ermənistanın mülki şəxslərə raket hücumları nəticəsində həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır” - deyə bəyanatda bildirilib.
Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb: "Bu gün 44 günlük müharibə zamanı Gəncənin ilk raket hücumuna məruz qalmasından 2 il keçir. “Biz bu faciənin günahsız qurbanlarını dərin hüznlə anıb, onların yaxınlarına başsağlığı diləyirik”.