Sərnişinlər haqlıdır

Etiraz varsa intervallar azaldılmalı, yeni vaqonlar alıb xəttə buraxılmalıdır


  Sumqayıt-Xırdalan-Bakı qatarında dünən səhər saatlarında sıxlıq yaranıb. Nəticədə sərnişinin halı pisləşib. Buna sıxlıq və qatardakı kondisionerlərin işləməməsi səbəb olub. Sərnişinlər sıxlığa və qatarların gecikməsinə etiraz olaraq Bakı Dəmiryolu Vağzalının stansiya rəisinə etiraz ediblər. 

  Qeyd edək ki, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın artmasına səbəb olub.  Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.

  Havalandırma sisteminin işləməməsinə etiraz edən sakinlər bildiriblər ki, elektrik qatarı ilə gündəlik işə gedib-gəlmək xeyli çətinləşib. Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər. 

  “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlının “Şərq”ə açıqlamasına görə,  Sumqayıt-Xırdalan-Bakı qatarı ilə bağlı yaşanan narazılıqlar və sərnişinlərin aksiyası kifayət qədər narahatlıq doğuran hadisədir: 

 “Dəmiryol şəbəkəsinin inkişafından, şəhərdə tıxacların qarşısını almaq üçün insanların ictimai nəqliyyata olan marağının artırılmasından danışır, bu istiqamətdə müxtəlif təkliflər irəli sürürük. Nəticə olaraq da intervalın azaldılması və dəmiryol xətti ilə bağlı digər problemlərin ortaya çıxdığını görürük. Bütün bunlar çox məyusedicidir. Hesab edirəm ki, aidiyyəti qurumlar məsələyə daha geniş prizmadan yanaşacaqlar və sərnişinlərin etirazına səbəb olan bütün problemləri yoluna qoyacaqlar.  Qatarda bu qədər sıxlıq varsa,  07:45 intervalı ilə hərəkət edən qatarı ləğv etmək əvəzinə intervalı daha da azaltmaq lazım idi. Əgər  vaqon sayında çatışmazlıq varsa, yeniləri alınaraq xəttə əlavə olunmalıdır”.