Çarəsiz qadınlar...


Şantajın qurbanına çevrilənlər daim təhdid altında yaşayırlar

Halbuki, şantaja görə qanunvericilikdə çox ciddi cəzalar nəzərdə tutulub

  Hər gün ölkəmizdə qadınların dələduzların tələsinə düşməsi ilə bağlı xəbərlər alırıq. Bu dəfə isə Şəkidə qadınların şəkillərini paylaşacağı ilə hədələyərək pul tələb edən şəxs tutulub.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəki Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini olan 2 qadın onların ailə fotoşəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək pul tələb olunmasını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Teyyubov saxlanılıb.

  Vəkil Asif Abdullayevin sözlərinə görə, texnologiyaların bu qədər inkişaf etməsi pis niyyətli şəxslərə şantajla məşğul olmaq üçün daha əlverişli imkanlar yaradıb. Bəzi insanlar xanımın istər real münasibət zamanı çəkilmiş şəkillərdən, istərsə də sosial şəbəkələrdə yaranmış ünsiyyət nəticəsində göndərdiyi şəkillərdən şantaj məqsədi ilə istifadə edir, onları yayacaqları ilə hədələyərək xanımlardan pul tələb edirlər və belə hallar az deyil. Halbuki qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. 

  Vəkil deyib ki, şantaj edərək pul tələb etmə, qanunvericiliyə əsasən, cinayət məsuliyyətinə səbəb olur. Şantaja görə qanunvericilikdə çox ciddi cəzalar nəzərdə tutulub: “Buna baxmayaraq, şantajın qurbanı olan bəzi şəxslər məsələnin böyüyəcəyindən, daha çox insanın məsələdən xəbərdar olacağından ehtiyat edərək, onları şantaj edən şəxslər barədə polisə məlumat vermirlər.

  Bu insanlar şantaj edən şəxsin qurbanına çevrilirlər və daimi olaraq təhdid altında yaşamağa məcbur olurlar. Amma təcrübə göstərir ki, əksər hallarda şantaj qurbanı olan şəxslər sonda məcbur qalaraq polisə müraciət edirlər".

  A.Abdullayev vətəndaşlara  şantajın qurbanına çevrilməmək üçün bununla bağlı vaxtında polisə müraciət etməyi tövsiyə edir. Eyni zamanda, şantaj edən şəxsə qarşı sübutlar da toplamaq yaxşı olardı: 

“Şantaj edən şəxslə SMS-lə yazışmaq olar. Gələcəkdə polis bu işi araşdırarkən, mobil operatordan bütün SMS-lərin məzmunu barədə məlumatı əldə edə bilər və bu məlumatlar şantaj faktını sübut edəcək. Məlumat üçün qeyd edim ki, SMS-lə yazışmaların məzmunu saxlanılır və istintaq zərurəti yarandığı halda qanunla nəzərdə tutulmuş qaydada onları əldə etmək mümkün olur. SMS yazışmalarla yanaşı, şantaj edilməyinizin şahidi olmuş şəxsin ifadəsi və sübut kimi çıxış edə biləcək digər hallar da cinayət əməlinin sübuta yetirilməsində yardımçı ola bilər. 

Şantajla bağlı məsələlərdə zəruri hüquqi addımlar atmaqla yanaşı, psixoloji cəhətdən də dözümlülük nümayiş etdirmək lazımdır. Bəzi şəxslər şantajla məşğul olurlar, lakin əllərində olan rüsvayedici məlumatları yayacaq qədər cəsarətli olmurlar.

 Buna bir çox amillər səbəb ola bilər. Məsələn, cinayət məsuliyyətindən, məsələnin ictimailəşəcəyindən qorxur və sadəcə, şantaj görüntüsü yaradaraq asan yolla pul əldə etməyə çalışırlar və s. 

Belə şəxslər öz qurbanlarını qorxudur, amma şantaj etdiyi şəxsdən imtina cavabı aldıqdan sonra bu əməldən əl çəkirlər. Buna görə də şantaj edən şəxslər qarşısında mümkün qədər acizlik göstərməmək lazımdır. 

Hər bir halda, şantajla rastlaşan şəxsə psixoloji cəhətdən möhkəm olmaq və şantajla rastlaşdığı təqdirdə hüquqi tədbirlər görülməsi üçün vəkilə müraciət etmək məsləhət görülür".