Proseslər göstərir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak edib. Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib. Şarl Mişel bununla bağlı dövlət başçısına minnətdarlığını bildirib.
Prezidentlərin görüşünü şərh edən politoloq Məhəmməd Əsədullazadənin “Şərq”ə açıqlamasına görə, Praqada keçirilən ikitərəfli görüşdə tərəflər arasındakı siyasi, iqtisadi əlaqələr, enerji layihələrinin inkişafı müzakirə olunub. Həmçinin görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub:
“Avropa Şurası İttifaqının Prezidenti Şarl Mişellə keçirilən görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin daha da dərinləşdirilməsi kontekstində müzakirələr aparıldı. Nəzərə almaq lazımdır ki, Praqada baş tutan bu görüş Avropa İttifaqının Azərbaycana nə qədər əhəmiyyət verdiyini göstərir. Avropanın enerji təhlükəsizliyi, Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda Avropada yaşanan enerji böhranının aradan qaldırılmasında Azərbaycanın rolu müzakirə edilib.
Praqa görüşündə mühüm nüanslardan biri də Şarl Mişelin Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmada Azərbaycanın təklif etdiyi təməl prinsipləri qəbul etməsi, prosesə obyektiv yanaşması oldu. Bu Azərbaycan üçün kifayət qədər əhəmiyyətli məsələdir və sülh danışıqlarında bizim əlimizi gücləndirir”.