"Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri və Qarabağdakı separatçı qanunsuz hərbi birləşmələri 30 ilə yaxın müddətdə Xocalıda, Şuşada, Kəlbəcərdə və bir çox ərazilərimizdə Azərbaycan xalqına qarşı soyqırım, etnik təmizləmə cinayətləri törətmişlər". Bu sözləri "Şərq" ə açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
Ermənilər tərəfindən törədilən bu vəhşilikləri insanlığa, bəşəriyyətə qarşı törədilmiş cinayət adlandıran xanım deputat qeyd edib ki, bir neçə gün bundan öncə Xocavənd rayonunun Edilli kəndi ərazisində əsir düşmüş 25 nəfər azərbaycanlıların qətlə yetirilərək kütləvi məzarlıqda dəfn edilməsi aşkarlandı: "Bu ermənilər tərəfindən törədilmiş, insanlıqla bir araya sığmayan növbəti vəhşiliyin sübutudur.
Ermənistan hər zaman beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmuşdur. Müasir beynəlxalq hüquq müharibələrdə və ya hər hansı silahlı münaqişələrdə davranış qaydalarını tənzimləyir, döyüş aparılmasının bir sıra üsullarını və vəzifələrini məhdudlaşdırır, o cümlədən qadağan edir. Humanitar hüquq eyni zamanda mülki əhalinin, münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan hərbi əsirlərin və yaralıların hüquqlarını təmin edir. Deməli müharibə aparmağın da müəyyən qayda və qanunları da mövcuddur. Əsirlərin, girov götürülənlərin amansızlıqla qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi vəhşılık olmaqla yanaşı ən ağır beynəlxalq cinayətdir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949- cu il tarixli Cenevrə Konvensiyası və onun iki Əlavə Protokollarının iştirakçısı olmasına baxmayaraq bu beynəlxalq sənədin bütün norma və prinsiplərini pozmuşdur. Ermənistan tərəfi bu günə qədər 4000-ə yaxın itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti barədə Azərbaycan tərəfinə heç bir məlumat verməyib".
K. Əliyevanın sözlərinə görə, Azərbaycan dövləti Ermənistandan fərqli olaraq beynəlxalq hüququn bütün tələblərinə riayət edir və hər zaman sadiqlik nümayiş etdirir: "Azərbaycan hər zaman erməni hərbi əsirləri ilə çox mülayim davranmış, yaralanmış erməni hərbiçilərinə tibbi yardım göstərmişdir. Azərbaycan dövləti hərbi əsirlərlə bağlı bütün dünyaya örnək ola biləcək rəftar nümayiş etdirir".