"Çox şükür, 20 ildir biz bunu deyirdik"


"Xəzərin suyunu duzsuzlaşdırıb istifadəsinə nail olduqdan sonra Kür suyundan istifadəni məhdudlaşdırmaq lazımdır"
  Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod yaradılacaq.
  İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, bununla bağlı Azərbaycanla İsrail arasında Anlaşma Memorandumu imzalanıb.
  "İsrailin su emalı sahəsində tanınmış I.D.E. Water Assets Ltd (IDETechnologies) şirkəti və Azərbaycan İnvestisiya Şirkəti ASC arasında ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb", - deyə M.Cabbarov əlavə edib.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, ekoloq Elçin Bayramlı isə “Şərq”ə açıqlamasında deyib ki, nəhayət, aidiyyəti qurumlar da artıq problemin aktuallığının fərqinə vardılar: “Çox şükür! 20 ildir biz su ehtiyatlarının azalması ilə bağlı həyəcan təbili çalır və alternativ addımların atılmasının zəruri olduğunu qeyd edirdik”.
  Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod yaradılmasının təqdirəlayiq olduğunu vurğulayan ekspertə görə, Azərbaycan ən az şirin su ehtiyatlarına sahib ölkələr siyahısındadır: “Regionda demək olar ki, sonuncu yerdəyik. Getdikcə də durum kritik hal alır. Bilirsiniz ki, iqlim dəyişikliyi bütün planetdə içməli su ehtiyatlarının azalmasında böyük rol oynayır. Bu problemi önləmək üçün də dənizkənarında yaşayan ölkələr müxtəlif alternativlərdən istifadə edirlər. Bu variantlardan biri də məhz dəniz suyunun duzsuzlaşdırılmasıdır. Bu proses kifayət qədər çətin və bahalıdır. Ona görə də gələcəkdə suyun kubmetrinin bahalaşması müşahidə edilə bilər. Bu da təbiidir və biz buna məcburuq. Yeraltı və yerüstü içməli su ehtiyatlarımızı qorumaq və həmin mənbələrə düşən təzyiqi azaltmaq üçün dəniz suyunun duzsuzlaşdırılması labüddür. Xüsusən, Oğuz-Qəbələ-Bakı su kəmərində yüksək təzyiq olduğu üçün suyun mənbəsində bir sıra ekoloji problemlər meydana çıxıb. Xəzərin suyundan şirin su ehtiyatı kimi istifadə etmək bu cür problemlərin qarşısını almağa kömək edəcək”.
  E.Bayramlının sözlərinə görə, Xəzər göl olduğuna görə, digər dənizlərlə müqayisədə suyun duzluluq faizi də bir qədər aşağıdır: “Ən azı ilkin mərhələdə texniki su ehtiyatı kimi istifadəyə yaralı olacaq. Bizim ən böyük problemimiz odur ki, böyük şəhərlərdə içməli sudan həm də texniki məqsədlərdə istifadə olunur. Sənaye obyektləri və moykalarda belə içməli sudan istifadə edilir. Halbuki, bu cür obyektlərdə texniki sulardan istifadə olunmalıdır. Yaşıllıqların suvarılması, kimya zavodları, broyler fabriklərində dəniz suyundan istifadə daha məqsədəuyğun olar. Düzdür, sözügedən zavod dəniz suyunu şirinləşdirdiyi üçün içməyə də yararlı olacaq. Amma daha çox texniki vasitələr üçün istifadəsinin tərəfdarıyam”.
  Ekspertin fikrincə, Xəzərin suyunu duzsuzlaşdırıb istifadəsinə nail olduqdan sonra Kür suyundan istifadəni məhdudlaşdırmaq lazımdır. Kür çirkli çay olduğundan onun suyu içməyə yaramır: “Xəzərin suyunun duzsuzlaşdırılıb içməli su ehtiyatı olaraq istifadəsi dəniz səviyyəsinin aşağı düşməsinə təsir edəcək. Amma bu azalma cüzi olduğu üçün bir o qədər də ciddi problem hesab olunmur. Əsas odur ki, biz təbii su ehtiytlarımızı qoruya biləcəyik”.