Sosial şəbəkələr qız övladlarının şəkilləri ilə dolub-daşdı
"Bəs deyirdilər qız övladlar sevilmir. Elə deyilmiş, ürəyimiz dağa döndü"
Oktyabrın 11-i dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. Məişətimizdə bayram ab-havası bir o qədər hiss olunmasa da, sosial şəbəkələr qız övladlarının şəkilləri ilə dolub-daşır. Valideynlər qızları ilə birgə olan fotolarını paylaşaraq onlara qarşı olan sonsuz sevgilərindən yazırlar.
Könül istər ki, bütün valideynlər, xüsusən də “qız yükü, duz yükü” deyib 15 yaşlı qızını ərə verən atalar da bu paylaşımlardan nəticə çıxarsınlar. Həm də sadəcə bu gün yox, ayın bütün günlərində qızlarına qarşı mehriban və diqqətcil olsunlar...
Əvvəla onu deyək ki, BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən hər il 11 oktyabr tarixi Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Təhsil almaq, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.
Qız uşaqlarına səlahiyyət verilməsi, onların təhsil haqlarının təmin olunması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacibdir.
Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin də dediyi kimi, “Bir oğlana təhsil verməklə, bir təhsilli adam qazanırsız. Bir qıza təhsil verməklə, siz təhsilli ailə qazanırsız”.
“Qızlara, onların təhsilinə və hüquqlarına sərmayə qoymaq ümumi gələcəyimizə sərmayə qoymaqdır”. Bunu da BMT-nin Baş katibi Antonio Quterreş "Twitter” hesabında yazıb. O bildirib ki, qızların inkişafı bütün cəmiyyətin inkişafıdır.
“Gəlin, qızların sağlam, təhsilli və təhlükəsiz olması üçün səylərimizi ikiqat artıraq”, - Baş katib vurğulayıb.
Pediatr Vaqif Qarayev isə belə deyib:
“Bəs deyirdiniz qız övladlarını sevmirik!? Onları ana bətnində məhv edirik. Hüquqsuz böyüdüb, təhsil haqlarını əllərindən alırıq. Zorla ərə verib, "ər çörəyinə" möhtac qoyuruq!!!
Elə deyilmiş, feysbukda qız övladlarının şəninə xeyli paylaşımlar görüb, xoş sözlər oxudum. Bütün övladları Allah saxlasın! Amma mənim fikrimcə, ailədə qız uşaqları xüsusi sevgi ilə böyüməlidir ki, ölkəmizdə "ər çörəyi" ifadəsi unudulsun”.
Sosioloq Lalə Mehralı isə Qızlar günü münasibəti ilə şahidi olduğu hadisəni paylaşaraq ataların qız övladlarına qarşı münasibətlərini müqayisə edib.
- 15 il əvvəl Əfəndiyev adına xəstəxanada idim, oğlum dünyaya gəlmişdi. Orada qaldığım 4 gün ərzində illərlə yaddaşımdan silinməyən bir hadisəyə şahid olmuşdum. Qonşu palatada səs-küy eşitdim. Tibb bacıları, həkimlər qışqırırdılar. Dəhlizə çıxanda gördüm ki, bir kişi 4 gün əvvəl dünyaya keysər əməliyyatı ilə uşaq gətirmiş qadını vəhşicəsinə döyür. Gözü heç nəyi görməyən kişi qadının harasına gəldi yumruqlar, təpiklər vurmağa çalışır, “köpək qızı, it qızı, əclafın balası, sənə deməmişdim qız olsa özündən küs?! Di al payını, di öl, di gəbər, köpəyin balası! Rədd ol dədənin xarabasına, gəlmə evə!” deyə söyüşlər yağdırırdı. Əli ilə qarnındakı tikişi qorumağa çalışan qadın isə ətrafına toplaşan qadın həkimlərdən, tibb bacılarından kömək istəyirdi. Həkimlərin hamısı qadın idi, heç kimin gücü çatmırdı kişini qadından uzaqlaşdırmağa. İki-üç dəqiqə beləcə davam etdi, ta ki, tibb bacılarından biri qonşu şöbələrdən kişi həmkarlarını köməyə çağırana qədər. Kişi həkimlər qadını döyən oğlanı birtəhər şöbədən çıxardılar.
Palatamıza girib-çıxan yaşlı tibb bacısından öyrəndik ki, birinci uşaqları da qızdı, ikincinin qız olacağını qadın ərinə deməyib ki, aborta göndərər, o da qız doğduğuna görə döyüb.
Ara yeni sakitləşmişdi ki, yaşlı bir kişinin qaça-qaça dəhlizdən keçdiyini gördük. O həm qaçır, həm də qışqırırdı. Həkimlərin, xəstəxana rəhbərliyinin ünvanına kobud sözlər işlədirdi. Səs-küy yatışdı, uşaqların yemək vaxtı gələndə yaşlı tibb bacısı palatamızın qapısını açıb arabadakı uşaqları gətirdi və bizə hadisənin gerisini danışdı.
Sən demə, dəhlizdə bu dəfə səs-küy salan yaşlı kişi döyülən qadının atası imiş. O, qızından telefonda əri tərəfindən döyüldüyünü eşidən kimi təngnəfəs özünü xəstəxanaya çatdırmışdı. Qızının döyülməsinə görə xəstəxana işçilərini bir xeyli danlayıb, qız doğduğuna görə arvadını döyən kürəkəninə isə deməyə söz tapmayıb, eləcə “dilim quruyaydı o qalstuklu eşşəyə qız verdiyim yerdə” deyib. Hamımızın qucağında 2-3 günlük körpəmiz vardı, kimidə qız, kimidə oğlan. Hamı gözünü öz körpəsinə dikmişdi, hamı dərin-dərin düşünürdü. Bir arvadını döyən “kişi”ni fikirləşirdik, bir qızına arxa duran ATAnı. Bayaq bütün kişilərin arxasınca deyinən gənc analardan biri isə özünü saxlaya bilməyib hönkür-hönkür ağladı...
Bu gün Beynəlxalq Qızlar günüdür. Bu hadisə ona görə xatirimdə canlandı. Dost siyahımdakı bütün ATALARI təbrik edirəm, Beynəlxalq Qız Övladı Günündə fəxrlə öz qız övladlarının fotosunu paylaşan bütün ATALARI təbrik edirəm! Sizin kimi kişilərlə o qızlara gələcək qurmaq asan olacaq, var olun!”.
Millət vəkili Fazil Mustafa isə “Şərqdə qızlar günü” başlıqlı postunda “Şərqdə doğulan qızların günü olurmu? Məsələn, Əfqanıstanda, İranda, Ərəbistanda, Banqladeşdə və bir az da bizim Azərbaycanda qız övladının hansı gününü təbrik etmək olar” sualına cavab axtarıb. Deputatın fikrincə, bu ölkələrdə qızları heç doğulmağa qoymurlar:
“Ana bətnindəcə öldürürlər. Müasir texnologiya qədim ərəb toplumunda olduğu kimi sadəcə onların diri-diri basdırılmasına imkan vermir. Şərqdə müasir texnologiyanı həm də buna görə sevirlər. Qız olması aparatdan bəlli olan kimi öldürməyə qərar verirlər. Biz azərbaycanlıların şərqli tərəfi o qızları abort etdirərək öldürənlərdir. Çevrəmizdə çox sayda mədəni görünüşdə qız övladını qətlə yetirmiş analar, atalar yaşayır. Yaxşı ki, bizim bir az da avropalı tərəfimiz var. Təhsil alan, azadlığına, ləyaqətinə sayğı göstərilən Azərbaycan qızları bizim avropalı tərəfimizin görüntüsüdür. Narkomaniya, fahişəlik, cinayətkarlıq məsələsində isə Şərqlə Avropanın ayrılmaz şərikliyi var.
Ölümdən qurtulanlar necə, xoşbəxt sayıla bilirlərmi? Qarşıda bizim şərqli tərəfimizə uyğun yarımçıq təhsil gəlir, erkən nikah gəlir, könülsüz ailə qurmaq gəlir, boşanmaq gəlir, aylarla aliment gözləmək gəlir. Yaxşı ki, bu məmləkətdə avropalı tərəfimiz bir az ağır basır, qız övladına təhsil veririk, sağlam ailə qurmasına, ləyaqətli yaşamasına imkan veririk. Bu gün İranda, Əfqanıstanda, Ərəbistanda yaşayan qızların aqibətini gördükcə daha dərindən anlayırıq ki, qız övladlarına ayrıca diqqət yetirməliyik, onların şəxsiyyətli, ləyaqətli vətəndaş olması üçün bütün əngəlləri ortadan qaldırmalıyıq. Birinci növbədə onlara keyfiyyətli təhsil verməliyik, onların sağlam böyüməsinə çalışmalıyıq, onları gələcəkdə quracaqları ailənin mənəvi dirəyi olması üçün hazırlamalıyıq. Qız övladı əslində ailənin zərifliyinin qoruyucusudur. Qız övladına özəl dəyər verilən ailələr hər cür sayğıya layiqdirlər. Sevimli qızım Duru da daxil olmaqla bütün qız övladlarına dünyanın ən gözəl nemətlərini arzulayıram”.
Yazar Aysel Əlizadə də Beynəlxalq Qızlar Günü münasibəti ilə bütün qız uşaqlarını təbrik edib:
“Bildiyiniz yolu əminliklə addımlayın. Zarıyanları, skeptikləri həyatınızdan uzaq tutun. Hər günü, hər saatı xoşbəxt yaşayın. Yuxudan oyanmaq yenidən doğulmaq kimi bir şeydi. Yaşamaq nə gözəldi… Şüuraltınızı dəyişin, həyatınızı dəyişin. Sevdiyiniz işlə məşğul olun, kitab oxuyun, hər gün nəsə öyrənin, əziz insanlarla vaxt keçirin. Qadın doğulmanızla qürur duyun. Hər işi qadın kimi edin!
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Beynəlxalq Qızlar Günü münasibəti ilə qızı ilə fotosunu paylaşaraq “Kölgəsi kölgəmdən kiçik, özü varlığım boyda...” yazıb.