Qonşular narazıdır, amma problemin həll yolu görünmür
Son illər bina evlərində it saxlayanların sayı bir xeyli artıb.
Doğrudur, əvvəllər də Bakıda evdə heyvan saxlayan ailələr olub. Ətrafdakılar da buna əsasən loyal yanaşıb. Ən azı ona görə ki, bu, bir kimsəni narahat etməyib.
İndi isə Azərbaycanda itlərin evdə saxlanmasına münasibət birmənalı deyil.
Əksər hallarda çoxmənzilli binalarda ev heyvanı saxlamaq ətrafındakı qonşular, insanlar üçün diskomfort yaradır. Qonşular uzun-uzadı zingildəyən, hürən itlərin əlindən zara gəlir. Dəfələrlə şahidi olmuşuq ki, liftin qapısı açılar-açılmaz bizi qorxudaraq ilk qarşılayan iri itlər olur. Əksər hallarda itlərin qoruyucu ağızlığı – buruntağı olmur. Bu isə ətrafda olan digər insanlara, xüsusən də uşaqlara təhlükə yaradır. Belə ki, həmin itlərin anidən kiməsə hücum etməyəcəyindən heç kim sığortalanmayıb.
Jurnalist Məhəmmədəli Qəribli bu barədə narazılığını şəxsi “facebook” hesabında dilə gətirib: “Azərbaycanlı ailələr evdə it saxlamazdılar. Görmüşdük ki, Bakıda evində iti əsasən qeyri-millətlər saxlayırdı. Söhbət həyətdə deyil, bina evindəki mənzildə it saxlamaqdan gedir.
Yaşadığım mərtəbədə dörd mənzil var. Onlardan ikisi kirayədi. Kirayəşinlər hər iki mənzildə it saxlayır. İtlər nə sortdurlarsa, olduqca həssasdılar. Lift mərtəbədə dayanan kimi, hürməyə başlayırlar. Biri hürən kimi, o biri ona səs verir, zingiltidən qulaq batır. Bəzən yatan adam onların səsinə oyanır. Kirayə olan hər iki mənzildə kişi görmürəm ki, dərdimi ona deyim. Qadınlarla isə belə mövzuları müzakirə etmək istəmirəm. İş burasındadır ki, itlərin hürməsini özümüz birtəhər yola verərik. Evdəki körpə uşaq bundan çox qorxur. Yadıma lap məşhur filmdəki epizod düşdü: “Kirayə qaldıqları bəs deyil, hələ toyuq-cücə də saxlayırlar”. Vallah, toyuq-cücəni yola vermək olar, amma bu itlər bizi ciddi narahat edir. Evdə it saxlamaqla bağlı bu nə dəbdi düşüb, anlaya bilmirəm…”
Qeyd edək ki, Nazirlər Kabineti 2011-ci ildə yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması ilə bağlı qərar qəbul edib. Həmin qaydalara əsasən ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar. Şəxslərə məxsus ev heyvanlarının yoluxucu xəstəliklərə qarşı peyvəndlənmələrini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini təşkil etmək məqsədilə onların ərazi baytarlıq idarələrində uçota alınmaları (identifikasiya olunması) insanların sağlamlığı və ərazinin epizootoloji sabitliyinin qorunması baxımından yerinə yetirilməsi vacib olan mühüm dövlət baytarlıq tədbiridir.
Yalnız baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir.
Baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında “canlı təbiət” guşələrində, uşaq və yeniyetmə müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar. Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər.
İlahiyyatçı Tural İrfan isə “Şərq”ə açıqlamasında deyib ki, islam dinində iki heyvan: donuz və it murdar hesab edilir:
"Həmçinin hər ikisinin əti də haram sayılır. Peyğəmbərdən (s) nəql olunan hədisdə qeyd olunur ki, it olan evə və həyətə mələk girməz. Lakin evdən kənarda mal-qara saxlanan axırlarda, fermalarda qoruqçu kimi it saxlamağın eybi yoxdur. Tibbi-gigiyenik tərəfdən də itin tükündə, ifrazatında bir çox qorxunc xəstəliklərin olduğu sübut olunub. Təbii ki, evdə it saxlamaq müsəlman ənənəsində yoxdur, bu, qərb adətidir. Lakin buna baxmayaraq Qərbin özündə də artıq bir çox təşkilatlar tərəfindən bu ənənə tənqid edilməyə başlayıb. Şəriətdə evdə it saxlamaq qadağandır. Həyətdə isə o zaman icazəlidir ki, ona toxunulmasın, onunla təmasda olunmasın. Hətta namaz qılan insanın üstündə itin ağzının suyu, tükü olarsa, onun namazı batil hesab edilir”.
Psixoloq Orxan Oruc isə hesab edir ki, əvvəlki dövrdə heyvan saxlamaqla indiki dövrdə heyvan saxlamaq arasında fərq var:
“Bu fərqliliklərdən ən başlıcası son illərdə heyvan bəsləməyin bir mədəniyyət forması almasıdır. Ölkəmizdə bu ənənə yeni sayılsa da, şəhərdə kifayət qədər ey heyvanları bəsləyən insanlar var. Ev heyvanları saxlamağın çox sayda müsbət tərəfləri var. Bu da heyvan saxlayan insanların günü-gündən sayının çoxalmasına səbəb olur. Xüsusilə qərb ölkələrində ev heyvanı saxlamaq adi tələbata çevrilib. Hətta bəzi ölkələrdə ev heyvanları üçün xüsusi qəbiristanlıqlar belə var”.
Psixoloq deyib ki, insana təbiəti xatırladan hər şey xüsusi bir rahatlıq və yüksək əhval-ruhiyyə verdiyi kimi, ev heyvanları saxlamaq da bu kimi hisslər yaradır.