Taksi sürücülərinin narkotika alverinə qoşulması ehtimalı araşdırılmalıdır
“Uber” taksi sürücülərinin narkotik alverilə məşğul olduqları iddia olunur. Bu barədə jurnalist Könül Aypara “Facebook” hesabında bildirib.
“Uber” sürücüsünün Yasamalda narkotik alveri ilə məşğul olduğunu qeyd edən jurnalist bu halın ilk olmadığını, hətta dəfələrlə təkrarlandığını deyib: “Özləri cəhənnəmə, kiminsə balasını zəhərləyir və müştərilərinin həyatını təhlükə altına alır”.
Jurnalist paylaşımında Daxili İşlər Nazirliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinə müraciət edərək, taksi sürücüləri barədə ölçü götürülməsini tələb edib.
Qeyd edək ki, bu gün ölkədə taksi fəaliyyəti ilə məşğul olaraq keçimini təmin edən minlərlə insan var. Narkokuryerlərin taksi fəaliyyəti ilə məşğul olması, çörəyini taksi fəaliyyətindən qazanan şəxslərə qarşı da şübhə yaradır.
Taksi sürücülərinin narkotik vasitələrin satışını əks etdirən məlumatların yayılmasına münasibət bildirən narkomaniya üzrə ekspert Emil Maqalov “Şərq”ə açıqlamasında deyib ki, sürücülər adətən narkotik vasitələri onlayn satan şəxslərə “kuryer”lik edir:
“İnsanların sosial durumunun aşağı olmasından istifadə edən, psixoloji təsir altına tez düşən insanları dərhal ələ alan narkotacirlər özlərini göstərmədən satış şəbəkəsini qurmağa nail olur. İşsiz-gücsüz, ehtiyac içində yaşayan insanlar da qeyri- ixtiyarı razılaşır. Bu şəbəkələr “tora saldıqları” insanlara əvvəlcədən 200-300 manat ödəniş etməklə həm şirnikləndirir, həm də bu işin öhdəsindən gəlsələr daha çox qazanacaqlarına inandırır. Narkotacirlər narkotik vasitələri müxtəlif yerlərdə, ağacların, kolların dibində gizlədirlər. Narkotik istifadəçiləri və narkokuryerlər də həmin yerə gedərək alacaqları maddəni əldə edirlər. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin narkotik vasitələri onlayn satan şəxslərin “tor”una düşmə ehtimalı çoxdur. Bəziləri bunu bilərəkdən gəlir qazanmaq məqsədi ilə edir. Bəziləri isə apardığı bağlamanın içərisində nə olduğunun fərqinə belə varmır. Müştəridən təhvil alıb qeyd olunan ünvanda onu gözləyən şəxsə təhvil verir və çıxır gedir”.
Taksi sürücülərini ayıq-sayıq olmağa çağıran ekspertin sözlərinə görə, sürücülər tanımadıqları adamlardan götürdüyü bağlamanı mütləq yoxlamalı və nə apardığını bilməlidir. Bu işi könüllü görən taksi sürücüləri isə bilməlidir ki, bu gün qazanacaqları 200 manat sabahı gün azadlıqlarının məhdudlaşdırılmasına səbəb olacaq. Bu məhdudlaşdırma isə ən azı 7 ildən başlayır. 1000 manata görə ən azı 7 il həbs cəzası alıb, azadlıqdan məhrum olmağa dəyərmi!?