"Facebook"da izləyici sayının kütləvi azalması alqoritmlə bağlıdır
"Facebook" bəzi istifadəçilərdə izləyici sayında baş verən kütləvi azalmalara aydınlıq gətirib. "Facebook" rəsmisi baş verənlərin sistemin yenilənməsi ilə deyil, adi texniki səhv ucbatından olduğunu açıqlayıb.
Amma bəzi mənbələr baş verənləri "Facebook"un son zamanlar botlardan istifadə edənlərə qarşı apardığı siyasətlə əlaqələndirib. Bir həftə öncə bəzi ABŞ media qurumlarının hesablarında da belə bir problem baş vermişdi.
Ümumiyyətlə, son zamanlar "Facebook" hesabatlarından görsənirdi ki, qurum botlardan istifadə edən 1.4 milyard istifadəçiyə qarşı tədbir görüb.
Son yarım ildə hətta milyarddan çox saxta "Facebook" profilinin silindiyi bildirilirdi.
İKT üzrə mütəxəssis Elvin Abbasov isə “Şərq”ə açıqlamasında "Facebook"da izləyici sayının kütləvi azalmasının alqoritmlə bağlı olduğunu deyib. Onun sözlərinə görə, "Facebook"un yeni alqoritmi uzun müddət istifadə olunmayan profilləri məhdudlaşdırır. Eyni zamanda aşkarlanan saxta profillər də sistem tərəfindən bağlanır:
“Buna da hər hansı formada maneə olmaq mümkün deyil. Əslində bu, texniki problem də hesab olunmur. Çünki daimi istifadə olunan aktiv profillərin istifadəsi ilə bağlı heç bir problem yoxdur. Amma koporativ qeydiyyatdan keçmədən "Facebook" profilindən korporativ məqsədlə istifadə edən profillər də sistem tərəfindən aşkarlandıqda bloklanır. Bu məsələ "Facebook" şəbəkəsinə istifadəçi marağının azalmasına səbəb olacaq qədər ciddi bir situasiya deyil”.