Həyatdan qopmayın! 



“İntihar edən qadın ürəyindəki ağrını soyuda bilməyib” 
“Belə psixoloji durumda olan şəxslərə ailədən göstərilən dəstək  az da olsa onlara təsəlli ola bilər”
Həyat yoldaşı qəzada ölən 34 yaşlı qadın Umudova Nahidə Sadiq qızı intihar edib.  

Hadisə  Bakının Kürdəxanı qəsəbəsində baş verib. U.Nahidə  özünü yaşadığı evin həyətindəki qaz borusundan asıb. 

Onun meyitini bacısı və qonşusu aşkar ediblər. N.Umudova intihardan əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” sözlərini yazıb. Cütlük 18 il evli olub. 16 il sonra isə oğul övladları dünyaya gəlib.

 Qadının bu addımı əksər sosial media istifadəçisi tərəfindən qınanılıb. Onun hər şeyə rəğmən öz azyaşlı övaldını tək qoymamalı olduğuna dair fikirlər səsləndirilib.

Hadisə ilə bağlı “Sherg.az”a danışan psixoloq Azad İsazadənin sözlərinə görə, intihar edən şəxs bu həyatdan o qədər inciyir ki, həmin anda onun gözünə heç nə görünmür: 

“Fərd yaşamağa heç bir səbəb tapa bilmir. Belə psixoloji durumda olan adam ondan geriyə qalacaq uşağının həyatını düşünə bilməz. 

Bu pataloji bir məntiqdir. O hesab edir ki, övladı onsuz yaşamağa öyrəşəcək. Normal düşüncə olmasa da, həmin anda  şəxsin gördüyü yeganə çıxış yolu budur. 

Görünən odur ki, intihar edən qadın ürəyində yaranan ağrını başqa cür soyuda bilməyib və həyatdan qopub. 

Belə psixoloji durumda olan şəxslərə ailədən göstərilən dəstək  az da olsa onlara təsəlli ola bilər və gələcəkdə baş verə biləcək bədbəxt halların qarşısı alınar”.