Məhkəmədən əvvəl cütlüklərin mediasiyaya müraciət etməsi yavaş-yavaş öz effektini verir
“Cəmiyyətdə boşanmış qadınlara qarşı birmənalı münasibətin olmaması ikinci evliliklərin sayını azaldır”
2022-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 40277 nikaha daxilolma və 10391 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən (DSK) verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,4-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.
Qeyd edək ki, ötən illərlə müqayisədə bu il boşanma faizinin aşağı düşməsi cəmiyyətdə maraq doğurub.
Hüquqşünas, Mediasiya Şurasının üzvü Fərhad Mehdiyev isə “Şərq”ə açıqlamasında, boşanma sayının azalmasını mediasiyanın fəaliyyəti ilə əlaqələndirib:
“2021-ci ilin iyul ayından tətbiqinə başlanan mediasiya prosesinin məqsədi, peşəkar danışıqlar aparma qabiliyyətinə sahib olan mediatorun vasitəsilə, aralarında hüquqi münaqişə olan tərəfləri bir masanın ətrafında əyləşdirməklə, onların arasındakı mübahisəni məhkəmədən kənar qaydada həll etməkdir. Mediator hər iki tərəflə ayrılıqda birgə danışıqlar aparır, tərəflərin maraqlarını öyrənir və onları uzlaşdırmağa çalışır. Qeyd olunan statistik göstəricilərdən hiss olunur ki, məhkəmədən əvvəl cütlüklərin mediasiyaya müraciət etməsi yavaş-yavaş öz effektini verir və mediatorların səyləri nəticəsində az da olsa tərəflərin barışmasına nail olunur. Onlar arasında bir müddət sonra təkrar boşanmaq üçün məhkəməyə müraciət edənlər də olur. Amma bir qismi psixoloqa müraciət edərək evliliklərinə bir şans vermək istəyirlər. Biz adətən boşanmaq istəyən cütlüklərə bir- birinə zaman verməyi tövsiyə edirik. Şəxsi təcrübəmə əsasən deyirəm ki, mediatorlar cütlüklərlə söhbət zamanı bir növ ailə psixoloqu rolu oynayır və onlara aralarındakı mübahisənin səbəblərini göstərərək münasibətlərini normallaşdırmaq üçün öz tövsiyələrini verir”.
Boşanmalarla əlaqəli başqa bir mövzuya toxunan Mediasiya Şurasının üzvü müşahidələrinə əsasən deyib ki, boşanmış şəxslərin əksəri nə ailə qurur, nə də ki sabit və davamlı münasibətə daxil olur və yaxud daxil olmaq istəyir: “Düşünürəm ki, sosial elmlər üzrə tədqiqatçılar bunun səbəbini araşdırsalar yaxşı olar. Bəzi ehtimallar irəli sürmək olar, amma bu ehtimallar araşdırılıb təsdiq olunmalıdır. Kişilər tərəfindən yeni ailə qurmada istəksizliyin başında maddi vəziyyətindən asılı ola bilər, çünki o, uşaqları üçün aliment ödəyir, digər tərəfdən əmlak bölgüsü nəticəsində maddi durumu sarsılmış ola bilər. Amma maddi çətinlikdən başqa, boşanmış həm kişidə, həm də qadında bir tərəfdən ailə institutuna qarşı dərin güvənsizlik yarandığı kimi, boşandıqdan sonra da insanların şəxsi münasibətlərində sevgi, məhəbbət, səmimi hisslər axtarışında olmadıqlarını qeyd etmək lazımdır. Boşanmış tərəflər sanki özlərini qoruyacaq tərzdə yeni ciddi bir münasibət qurmaqdan çəkinirlər. Bu da ümumi olaraq cəmiyyətdə xoşbəxtlik səviyyəsinin aşağı düşməsinə səbəb olur, çünki yalnız insanlar özlərini daha az xoşbəxt hiss edir. Məncə, bu vəziyyət üzərində ciddi düşünülməsi zərurəti olan sosial bir problemdir”.
Psixoloq Azad İsazadənin “Şərq”ə açıqlamasına görə, cəmiyyətdə boşanmış qadınlara qarşı birmənalı münasibətin olmaması ikinci evliliklərin sayını azaldır:
"Onlara qarşı münasibət digər qruplara münasibətdən çox fərqlənir. Bizim cəmiyyətdə boşanmış xanımla evlənmək istəyən insanların sayı çox azdı. Avropa ölkələrində heç kim bunu problem etmir. Düzdür, əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər yumşalma olsa da məsələ hələ də sosial problem səviyyəsində qalıb. Yenidən evlənmə zamanı yaranan tərəddüdləri isə psixoloq qorxu, narahatlıqla əlaqələndirir. Onun fikrincə, digər bir səbəb boşanmış insanlarda şüuraltı qorxu və travmaların olmasıdır: “İnsanların bir qismi özünə yeni bir həyat qurmaq istəyərkən həm təkrar bir insana alışa bilmək, həm də uşaqlarına yaxşı bir valideyn olub-olmayacağı düşüncəsi ilə tərəddüd edir. Bunlarla yanaşı, ətrafdakıların nə münasibət göstərəcəyini də düşünürlər. Bundan başqa, əgər ikinci dəfə ailə qurmaq istəyən insan qadındırsa, onun yenidən ərə getməsi ilə bağlı ətrafda daha çox söz-söhbət yaranır. Bir növ “İlan vuran ala çatıdan da qorxar” məsəlində olduğu kimi...
Bu qorxu, narahatlıq insanların yenidən quracaqları ailəyə bəslədikləri ümidlərin puç olma ehtimalından yaranır, eyni hadisələrlə yenidən rastlaşma qorxusundan meydana gəlir. İnsan şüurunda belə bir fikir formalaşacaq ki, "yenidən bu vəziyyəti yaşaya bilmərəm" və ya "yenidən bu vəziyyəti yaşamaq istəmirəm. Məhz bu cür maneəli düşüncələr insanların yenidən ailə qurmasına əngəl olur. Bu düşüncələrin azalması üçün də müəyyən müddət lazım olur. Evlilik müddətində yaşadığı gərginlikdən bezən kişilər adətən bir xanımla tanış olub nikahdankənar münasibətdə olmağa daha çox üstünlük verir. Çünki bu zaman ailə öhdəlikləri, məsuliyyətdən azad olur. Qadın isə yaşadığı xəyanət, yaxud da şiddətdən qorxduğu, dəyərsiz və qayğısız ailə həyatından iyrəndiyi üçün varsa övladı və işi ilə özünə təsəlli verir və ikinci evlilikdən qaçır. Həm də insanlar boşandıqdan sonra artıq əvvəlki yoldaşlarına nisbətən daha da ideal insan seçmə niyyətində olurlar. Bunu da tapmaq çətin olduğu üçün onlar ilk evlilikdə olduğu hər sevirəm deyən insanla evlənməyə tələsmirlər. Sözsüz, aradan müəyyən müddət keçdikdən sonra onlar öz qorxularından azad ola, kimisə sevə və yenidən onunla evlənməyə razılıq verirlər”.