"Praktik addımların həyata keçirilməsi ilə paytaxt yollarında yaranan tıxaclarla bağlı tənzimləmələrə nail ola bilərik".
Bu sözləri "Sherg.az"a nəqliyyat üzrə ekspert İlqar Hüseynli deyib. O bildirib ki, müzakirələrlə yanaşı, ortaya nəticə qoyulmalıdır:
"Bakı şəhərində nəqliyyat sisteminin yaxşılaşdırılması üçün kifayət qədər ciddi tədbirlər görülməlidir. Şəhərsalmadan başlayaraq, nəqliyyat infrastrukturu - şəxsi və ictimai nəqliyyatın, taksi xidmətinin yaxşılaşdırılması, paytaxtda hərəkətin intensivləşməsi üçün təkmilləşdirici proseslər reallaşdırılmalıdır.
Bütün bunlar yalnız vəhdət şəklində aparıldığı halda müsbətə doğru dəyişikliklərə şahid olacağıq".
Qeyd edək ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə oktyabrın 14-də Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair növbəti işçi müşavirə keçirilib.