Novella Cəfəroğlu:"Narkomaniya ilə əlaqəli istənilən ərazidən şikayət məktubları ünvanlanır"
"Son vaxtlar narkotik vasitələrdən istifadənin artması məsələsini gündəmdə saxlayırıq".
Bu sözləri "Sherg.az"a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, bu gün hər birimizi narahat edən problemlərdən biri narkotik qəbulunun yayılmasıdır:
"Gənclərin bu zərərli maddələrdən asılılığı təkcə özlərinə deyil, ölkəmizə, cəmiyyətimizə ziyan vurur. Genefondun məhvinə səbəb olur. Bu yaxınlarda hüquq müdafiəçilərinin monitorinq qrupu Daxili işlər naziri Vilayət Eyvazovla sözügedən məsələlərin müzakirəsi üçün toplaşmaq niyyətindədir. Çünki bununla əlaqəli istənilən ərazidən şikayət məktubları ünvanlanır".
N.Cəfəroğlu həmçinin vurğulayıb ki, özünü "satan" gənc qızların da sayı çoxalıb:
"Cavan qızların bəziləri otel otaqlarında turistlərlə oyun çıxarırlıar. Bütün bu məsələlərin qarşısı alınmalıdır".
Qeyd edək ki, sosial şəbəkələrdə bir qrup gəncin narkotik vasitələrdən istifadə etdiyini əks etdirən videogörüntü yayılıb. Hətta vəziyyət o həddə çatıb ki, artıq gizlətmədən, günün günorta çağı bir yerə toplaşıb, ziyanlı maddələrin təsiri altına düşür, öz parlaq gələcəklərini uçuruma sürükləyirlər.