Azərbaycanda "facebook"un ofisini açmaq mümkün deyil
“Məqsəd söz azadlığını məhdudlaşdırmaq deyil, obrazlı desək, ağzının sözünü danışa bilməyənlərin əl-qolunu bağlamaq olmalıdır"
Türkiyədə bu yaxınlarda "dezinformasiya ilə mübarizə qanunu" qüvvəyə minib. Qanunda diqqətçəkən əsas məqamlardan birinə görə, internet xəbər saytlarında çalışan şəxslər jurnalist hesab ediləcək və onlara da mətbuat kartı veriləcək. Həmçinin sosial şəbəkələrdə və internet mediada uşaqların və yetirmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab ediləcək.
Yeni qanuna görə, sosial mediada dezinformasiya yayan şəxsləri 1 ildən 3 ilə qədər həbs gözləyir.
Burada daha bir diqqəçəkən məqam isə ondan ibarətdir ki, cəmiyyətdə xaos, panika, təşviş yaradan məlumatlar paylaşan şəxslər çox vaxt "fake" profildən istifadə edir və bu yolla kimliyini gizlətməyə çalışırlar. Bu tip məlumatların qarşısını almaq məqsədilə Türkiyədə sosial şəbəkələrin ofisinin açılması tələb kimi qoyulub.
Belə ki, sosial şəbəkələr (Facebook, instaqram, tvitter, youtube, tiktok və s.) Türkiyədə rəsmi ofis açmağa məcbur ediləcək. Ofisin rəsmi təmsilçisi isə Türkiyə vətəndaşı olmalıdır.
Çünki biz çox vaxt görürük ki, "facebook", "tvitter", "instagram" kimi sosial şəbəkələr rəsmi ofisi və ya nümayəndəliyi olmayan ölkələrdən gələn şikayətlərə etinasız yanaşır, onların müraciətlərini görməzdən gəlir. Bu da bir çox hallarda dezinformasiyaların, saxta xəbərlərin daha geniş arenaya yayılmasına şərait yaradır.
Sosial şəbəkələrin Türkiyədə rəsmi ofisi açılandan sonra "fake" və ya "trol" profilləri tapmaq da asanlaşacaq və bununla sosial mediadakı xaosun qarşısı alınmış olacaq.
Bir sıra ekspertlərin fikrincə, analoji addım ölkəmizdə də atılmalı, xüsusən "facebook"un Azərbaycanda ofisi və ya nümayəndəliyi açılmalıdır. Biz bu yolla dezinformasiyaların, saxta xəbərlərin qarşısını ala bilərik. Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərən nümayəndəlik şikayətlərə də etinasız yanaşmaz. Bundan isə qazanan dövlətimiz və cəmiyyətimiz olar.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün sözlərinə görə, Türkiyədə qəbul olunan qanun layihəsinin Azərbaycanda da qəbul edilməsi mümkün olsa da burada ofislərin açılması real deyil. Ekspert Azərbaycanın internet bazarının beynəlxalq şirkətlər üçün əlverişsiz olduğunu söyləyib: "Qlobal şirkət kimi fəaliyyət göstərən "Facebook", "Tvitter" və bunların timsalında başqaları üçün Azərbaycanın internet bazarı çox kiçikdir. Yəni Azərbaycan bazarı kifayət qədər inkişaf səviyyəsinə gəlib çatmayıb ki, burada istər maliyyə cəhətdən, istər infrastruktur cəhətdən böyük gəlişmələr olsun. Amma sosial şəbəkələrin reklamdan götürdüyü gəlirlərlə bağlı ciddi düşünmək lazımdır. Bu istiqamətdə qanuvericilikdə müəyyən əlavələr və ya dəyişikliklər olunmalı və bu, bir sistem olaraq işlənməlidir".
Media eksperti Seymur Verdizadə isə sosial şəbəkələr üzərində sərt nəzarət mexanizminin tətbiq olunmasının tərəfdarı olmadığını deyib:
"Hesab edirəm ki, bu, gələcəkdə söz azadlığının məhdudlaşdırılmasına gətirib çıxaracaq. Düşünürəm ki, sərt qadağalar ölkəmizin imicini zədələyə bilər.
Ancaq Azərbaycanda sosial şəbəkələrdə hökm sürən intizamsızlıq, aşırı sərbəstlik, söz azadlığından sui-istifadə halları bizi düşünməyə vadar edir. Sosial şəbəkələr sürətlə insanların təhqir olunduğu, onların şərəf və ləyaqətinin alçaldıldığı məkana çevrilməkdədir. Söyüş, qarğış, nifrin bu platformanı nüfuzdan salır. Düşünürəm ki, bu cür halların qarşısını almağın vaxtı çatıb. Lakin sərt qadağa çıxış yolu deyil. Çünki bu qadağalar yaradıcı insanların, xüsusilə jurnalistlərin əl-qolunu bağlaya bilər. Ortaq variant tapmaq lazımdır. Məqsəd söz azadlığını məhdudlaşdırmaq deyil, obrazlı desək, ağzının sözünü danışa bilməyənlərin əl-qolunu bağlamaq olmalıdır".