Firudin Cəlilov: "Mən əlifba komissiyasının sədri olmuşam, bir dəfə məni çağırıb, fikrimi öyrənməyiblər"
"Qarabağ" adının yazılışı vahid formada olmalıdır". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında deyib. O qeyd edib ki, ötən iki il ərzində ölkə başçısının Vətən müharibəsindəki xilaskarlıq və quruculuq missiyası lazımi şəkildə elmi ədəbiyyatda əks olunmayıb. Onun sözlərinə görə, bu istiqamətdə kompleks yanaşmaya, fundamental tədqiqatlara ehtiyac var: "Beynəlxalq arenada “Karabakh” formada əks olunması doğru yanaşma deyil.
Artıq Türkiyə parlamenti “Türkiyə” adının “Turkey” kimi deyil, “Türkiye” kimi yazılışı ilə bağlı qərar qəbul edib və düşünürəm ki, biz də “Qarabağ” adının vahid formada “Qarabağ” şəklində yazılışı ilə bağlı müvafiq addımlar atmalıyıq". Məsələyə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova da münasibət bildirib. Professor deyib ki, bir sıra sözlərin yazılışı müəyyən dövrlərdə düzgün müəyyənləşdirilməyib. Məsələn, rus dilində olan bütün xəritələrin hamısında “Qarabağ” sözü “Karabax” kimi gedib: "Əslində isə sözün kökü, mənası var və “qara” sözü ilə bağlı mənalar əsas götürülərək “Qarabağ” formasında yazılmalıdır. Yalnız bu deyil, müəyyən toponimlər var ki, onların yazılışında yanlışlığa yol verilib. Həmin yanlışlıq ənənə kimi davam etdirilir. Ona görə mütəxəssislərin iştirakı ilə məsələ müzakirə olunub. Akademiyanın prezidenti də onların fikrini dəstəkləyir”.
Filoloq-alim, professor Firudin Cəlilov "Şərq"ə deyib ki, məsələnin gündəmə gəlməsi mühümdür. Amma professor hesab edir ki, bir sıra məqamlar mütəxəssislər tərəfindən ətraflı müzakirə olunmalıdır:
"Ruslarda "q" hərfi olsa da, "ğ" hərfi və səsi yoxdur, deməli, onlar "Qarabağ" sözünü olduğu kimi yaza bilməyəcəklər. Yenə də öz tələffüzlərinə uyğun yazacaqlar. Kiril əlifbası ilə bizim qəbul etyimiz latın əlifbasında fərqlər var. Əlifbaların da özünəməxsus qanunları var.
Əfsuslar olsun ki, bir dəfə məni çağırıb, fikrimi öyrənməyiblər. Deməyiblər ki, sən əlifbanın qəbul olunmasında komissiya sədri olmusan. Soruşmayıblar ki, fılan sözü necə yazmalıyıq, fılan hərf hansı səsi bildirir? Elə keçmiş kiril əlifbasındakı ənənə ilə yollarına davam edirlər.
Məsələnin ümumi qoyuluşu düzdür, sözlərin standart yazılışı qəbul olunmalıdır. Lakin bəzi önəmli məqamları mütləq müzakirə etmək, ekspertlərlə aydınlaşdırmaq zəruridir. Belə məsələlərin mütəxəssislərlə müzakirəsi çox vacibdir.
Hansı xarici dildə "ğ" hərfi yoxdursa, "Qarabağ" sözünü öz əlifbasına uyğunlaşdıra bilər. Amma xəritələrdə "Qarabağ" sözünün "Karabax" kimi yazılması da yolverilməzdir.
Ruslarda "q" hərfi olmasına rəğmən, misal üçün, "Əliqızı" soyadını "Alikızı" formasında yazırlar. Qara Qarayevi "Kara Karayev" şəklinə salırlar. Yəni öz dillərinə və tələffüzlərinə uyğunlaşdırırlar. Dil həssas məsələdir".