Funksionerlər Asim Mollazadənin təklifini qeyri-ciddi adlandırıblar
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə maraqlı təkliflə çıxış edib. "Siyasi partiyalar haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı çıxış edən deputat deyib ki, yaradılan partiyaların sədrləri psixoloji yoxlamadan keçirilməlidir. A.Mollazadə bildirib ki, bəşəriyyəti fəlakətlərlə üz-üzə qoyan Adolf Hitler kimi şəxslərin sonradan psixoloji xəstəlikləri olduğu məlum olub: “Ona görə də “Siyasi partiyalar haqqında” qanun layihəsində bu barədə maddənin əksini tapması vacibdir”.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Şərq"ə açıqlamasında deputatın təklifini qeyri-ciddi adlandırıb. Partiya təmsilçisi vurğulayıb ki, deputat daha məsuliyyətli postdur və seçki vasitəsi ilə parlamentə seçilir: "Yaxşı olardı ki, Asim Mollazadə bu təklifi deputatlar üçün edərdi. İlk növbədə deputatların psixoloji vəziyyəti yoxlanılsın. Yaxud təklif edərdi ki, nazirlər vəzifəyə təyinat alarkən yoxlamadan keçsinlər. Siyasi partiya rəhbərləri üçün belə bir tələb məntiqsiz və mənasızdır. Onsuz da mövcud qanunvericilikdə psixoloji problemləri olan şəxslər siyasi partiyaya rəhbərlik edə bilməzlər. Deputatlar öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Məntiqsiz təkliflərlə gündəmə gəlməyə çalışmasınlar".
Azərbaycan Milli İstiqlal Partiyasının rəsmisi Əli Oruclu "Şərq"ə bildirib ki, "Siyasi partiyalar haqqında qanunun yeni lahiyəsinin parlamentdə müzakirəsi və dinləmələr keçirilməsi müsbət addımdır. Lakin Ə.Oruclunun sözlərinə görə, bəzi statistik məsələlərdə hökumət güzəştlər etsə də, bir sıra vacib mövzularda təklif və iradlar diqqətə alınmayıb: "Açığı, güzəşt edilən maddələrdə də ciddi güzəşt yoxdur. Aktual məsələ partiyaların maliyyələşməsi, partiyalara inzibatı nəzarət və təzyiqlərə imkan verəcək halların açıq qalmasıdır. Söhbət ondan gedir ki, bütün partiyaların istisnasız büdcədən maliyyələşməsi mexanizmi tapılmalıdır. Digər məsələ partiya üzvlərinin şəxsi anket məlumatlarının reyestrə daxil edilməsinin məcburiliyidir. Şəxsi indenfikasiya məlumatlarının tələb edilməsi yolverilməzdir. Bu, siyasi partiyalara və üzvlərinə basqı imkanı yaradır. Başqa vacib məqam qeydiyyatdan keçən partiyaların yeni qanunun qəbulundan sonra yenidən qeydiyyatdan keçməsi tələbidir. Bu da konstitusiyamıza ziddir. Qanunun geriyə qüvvəsi yoxdur. Bu qədər vacib problemlər qala-qala partiya sədrlərinin psixoloji yoxlamadan keçməsi təklifi qeyri-ciddidir. Mən Asim Mollazadənin analogiyasını qüsurlu hesab edirəm. Adolf Hitlerdən əvvəl dünya tarixə Birinci dünya müharibəsi kimi düşən dörd illik müharibə aparmışdı. Asim Mollazadə bilməmiş olmaz ki, hər iki cahan savaşının başlanmasının əsl səbəbi şəxslər deyil, böyük güclərin dünyanı yenidən bölüşdürməsi və nüfuz uğrunda mübarizə idi. Mən "Siyasi partiyalar haqqında" yeni qanunun müzakirəsi zamanı Asim bəydən ciddi və rasional təkliflər gözləyərdim".