Bir qığılcım yetər! - Binaların zirzəmiləri ölüm təhlükəsi saçır


"Ciddi yoxlamalar aparılsa, paytaxtdakı iaşə obyektlərinin bəlkə də 90 faizində nöqsanlar, təhlükəli hallar aşkarlanar"
  Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunur. Bildirilir ki, 1 noyabr 2022-ci il tarixində 90-JB-457 dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük avtomobilindən propan qaz balonlarının sözügedən obyektə daşınması haqqında daxil olmuş əməliyyat məlumatı və sakinlərin müraciətləri əsasında operativ yanğın-texniki müayinə keçirilməsi məqsədilə qanunamüvafiq qaydada qeyd olunan obyektdə yoxlama aparılıb və yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Obyektin yerləşdiyi mərtəbədə binanın ümumi istifadəsində olan, insanların təhlükəsiz təxliyəsi üçün nəzərdə tutulmuş dəhliz hissəsindən mətbəx otağına qanunsuz qaz xəttinin çəkildiyi və propan qaz balonlarının rezin boru vasitəsilə həmin xəttə birləşdirilərək yanğın təhlükəsizliyi və tikinti norma və qaydalarının tələblərinin kobud şəkildə pozulduğu, obyektin otaqlarında avtomatik yanğın xəbərdaredici qurğuların quraşdırılmadığı, insanların kütləvi toplaşdığı obyektdə ehtiyat təxliyə yolunun mövcud olmadığı, obyektin normaların tələblərinə uyğun sayda ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi, elektrik təsərrüfatına profilaktik baxış keçirilmədiyi və elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı, tüstü bacalarının yağ qalıqları və digər yanar materiallardan təmizlənmədiyi, obyektin işçi heyətinin yanğın təhlükəsizliyi tədbirləri və yanğın zamanı davranış qaydaları haqqında təlimatlandırılmadığı aşkar olunub. Onu da qeyd edək ki, sahibkar Sabir Əhmədova belə fəaliyyətin yanğın-partlayış hadisələrinin baş verməsinə real zəmin yaratması barədə dəfələrlə xəbərdarlıq edilməsinə və barəsində inzibati tədbirlər görülməsinə baxmayaraq, obyektdə kobud qayda pozuntularına hələ də yol verilir. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın və ya partlayış hadisəsi qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib. Eyni zamanda, real təhlükə mənbəyi olan propan qaz balonlarının binadan kənarlaşdırılması təmin olunub. Qeyd edilir ki, ətrafda yaşayan vətəndaşlar Dövlət Yanğın Nəzarəti Xidmətinin bu qərarından razı qalıb, minnətdarlıqlarını bildiriblər.
  Paytaxtda yaşayış binalarının alt mərtəbələrinin xidmət sektoruna aid olduğu sirr deyil. Kafe, restoran, barlar, təsərrüfat malları, geyim mağazaları, mini-marketlər, qadın-kişi salonları... binaların zirzəmiləri bu cür obyektlərlə zəbt edilib. İllərdir, həyəcan təbili çalınır ki, yaşayış binalarının zirzəmi qatının, həmçinin ilk mərtəbələrin müxtəlif iaşə obyektlərinə icarəyə verilməsi ciddi təhlükə yaradır. Yaşayış binalarının zirzəmi qatının öz təyinatı var. Oradan qaz boruları, elektrik naqilləri izolyasiya edilmiş vəziyyətdə keçməlidir. Zirzəmilər həm də təxliyə və sığınacaq məqsədi daşıyır. Amma görünən budur ki, paytaxtdakı yaşayış binalarının zirzəmilərinə əylənmək üçün sığınırlar. Və bu “sığınmaçılar” da bəzən fəlakətin tam ortasında qalırlar. Bir neçə ay əvvəl paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsindəki “Location” gecə klubunda baş vermiş partlayış nəticəsində 1 nəfər öldü, 31 nəfər müxtəlif dərəcəli xəsarət aldı. Partlayışın obyektdə qanunsuz olaraq istifadə edilən qaz balonundan baş verdiyi məlum oldu. İndi də FHN Səbail rayonundakı başqa bir obyektin fəaliyyətini qaz balonundan istifadəyə görə dayandırıb. Səbail rayonunda belə kafe və restoranlar çoxdur. Özü də qədim, memarlıq üslubu ilə fərqlənən, ötən əsrdə inşa edilmiş binaların alt mərtəbələrini, zirzəmi qatlarını kafelərə, restoranlara, gecə klublarına çevirirlər. Məlum məsələdir ki, bu binalar cəlbedicidir deyə sahibkarlar onlara yiyələnir. Əlavə qaz xəttinin çəkilməsinə icazə olmadığından qaz balonlarından istifadə edirlər. Bu da yanğın, patlayış təhlükəsi yaradır. Binalar girişlə məhdudlaşır. Çox zaman binaya giriş, ümumiyyətlə zəbt edilir. Səs-küy də bir yandan. Bütün bunlar bina sakinlərinin narazılığına səbəb olur.
  Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında paytaxtda əksər 5 mərtəbə binaların alt mərtəbələrinin iaşə obyektləri tərəfindən zəbt edildiyini bildirdi və qeyd etdi ki, burada əsas məsələ təhlükəsizlik qaydalarına riayət edilməsidir:
- Məlum məsələdir ki, paytaxtdakı iaşə obyektlərinin əksəriyyətində qaz balonlarından istifadə olunur. Çünki binalar köhnədir, ora əlavə qaz xəttinin çəkilişinə icazə verilmir, sahibkarlar əlavə qaz xəttinin çəkilişi üçün icazə almaq kimi yorucu işə baş qoşmaq da istəmirlər. Obyekti qaz balonlarıyla təchiz etməklə asan yolu seçirlər. Amma bu, çox təhlükəli yoldur. Təkcə, kafe, restoranlar deyil təhlükə yaradan. Binaların alt mərtəbələrində tikinti materialları satışı təşkil edilir. Orada tez alışan maddələr, o da həssas tikinti materialları, kimyəvi tərkibli materiallar satılır. Bir qığılcım yetərlidir ki, böyük bir yanğın baş versin. Bundan təkcə sahibkar ziyan çəkməyəcək, o binada, ətraf binalarda yaşaynalar da zərər görəcək, həyatları üçün təhlükə yaranacaq. Ümumiyyətlə, bütün obyektlərin tikintisi və istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir. Obyektlər layihələndirilərkən də buna xüsusi diqqət ayrılmalı, layihə sənədlərində yanğın təhlükəsinə qarşı hansı işlər görüldüyü göstərilməlidir. Obyektin əlavə təxliyə planı, təxliyə çıxışı olmalıdır. Orada işləyəcək insanların təhlükəsiz şəraitdə çalışmaları üçün şərait yaradılmalıdır. Hər bir obyektdə yanğınla mübarizə üçün xüsusi alətlər qoyulmalıdır, suyun daimiliyi təmin edilməlidir. Bunlar böyük məbləğdə pul tələb etmir. Sadəcə, təşkilati işlər zəif aparılır, ciddi bir məsələyə səhlənkar yanaşılır. Ciddi yoxlamalar aparılsa, paytaxtdakı iaşə obyektlərinin bəlkə də 90 faizində nöqsanlar, təhlükəli hallar aşkarlanar. Hesab edirəm ki, paytaxt sakinləri də bu məsələlərdə aktiv olmalı, təhlükəli hallarla bağlı dövlət orqanlarını məlumatlandırmalıdır. Kimlərsə gəlib xəngəl, dönər yeyəcək, sahibkar da pul qazanacaq deyə, insanların həyatı təhlükə altında qalmamalıdır.