Sabahdan başlayaraq noyabrın 20-nə qədər "Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası" (AFRA) İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında “Bakı Alış-Veriş Festivalı” ("Baku Shopping Festival") keçiriləcək.
"Report" quruma istinadən xəbər verir ki, festival Bakının seçilən Ticarət Mərkəzlərini və mağazalarını əhatə edəcək.
Assosiasiyanın İdarə Heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, festivalın keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyətinə dəstək verməklə yanaşı, istehlakçılar üçün brend geyimləri daha sərfəli və əlçatan etməkdən ibarətdir.
“Assosiasiya olaraq bu bizim ilk müştərək işimizdir, əgər festivalın nəticələri gözləntilərimizi doğrultsa, gələcəkdə belə tədbirlərin və festivalda təmsil olunan dünya brendlərinin sayı artırılacaq. Müşayiət olunan turizm axınına dəstək, ölkə iqtisadiyyatının inkişafına tövhə vermək festivalın məqsədlərindəndir”, - deyə o, qeyd edib.
Festivalda 68 dünya geyim brendi iştirak edir. Alıcılara brenddən asılı olaraq 20%-dən 50%-ə qədər endirimlər, eləcə də, xüsusi endirim aksiyaları və endirim kuponları təklif ediləcək.