Şəkidə Zəfər Günü böyük təntənə ilə qeyd edilib


44 günlük Vətən Müharibəsində düşmən üzərində əldə olunmuş tarixi Qələbənin ikinci ildönümü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilib.



 
Noyabrın 8-də - Zəfər Günündə səhər saatlarında şəhər rəhbərliyi, Vətən müharibəsi iştirakçıları və qaziləri Şəhidlər Xiyabanını və İkinci Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhid Məzarlığını” ziyarət ediblər, Vətənimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısına gəlib, burada ucaldılmış Ulu öndərin abidəsini ziyarət ediblər, abidəsi önünə gül dəstələri qoyublar.


 
Heydər Əliyev Mərkəzinin qarşısında bayram konserti təşkil olunub. Şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, Vətən müharibəsi iştirakçılarının, gənclərin, şəhər sakinlərinin iştirak etdiyi konsert paroqramında  əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yerli incəsənət nümayəndələri, şəhərin musiqi məktəblərinin şagird və müəllimlərini maraqlı konsert proqramı təqdim ediblər.

   Qeyd edək ki, Zəfər Günü münasibətilə konsert proqramları, həmçinin, Şəki Dövlət Dram Teatrının qarşısında və Bəxtiyar Vahabzadə adına mədəniyyət və istirahət parkında təşkil olunmuşdur.