Azərbaycanda radiotezliklərdən istifadənin məhdudlaşdırılacağı hallar məlum olub

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərar "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən edilmiş hallarla yanaşı, digər hallarda da ləğv ediləcək.
“Report” xəbər verir ki, bu, “Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub.
Müvafiq qanun layihəsinə əsasən, həmin hallar aşağıdakılardır:
Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;
- O cümlədən radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) radiotezliklərdən istifadəyə dair müqavilə bağlamadıqda
- Radiotezlik istifadəçisi radiotezliklərdən tərəfindən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödəniş tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə.
Radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.