Atalıq məzuniyyətinin verilməsi mütləqdir 


Bunun evin xanımına və doğulacaq uşağa faydası çox olacaq
Əhməd Qəşəmoğlu: "Əksər vaxt xəstəxanadan çıxan qadının həyat yoldaşından başqa köməkçisi olmur"
  Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı məsələ aktualdır. Artıq bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır və üst qurumlarla razılaşdırılmalıdır.
  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı qeyd edib ki, layihə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim ediləcək.
  Maraqlıdır, artıq dünyada illərdir ki, tətbiq olunan bu qanunun Azərbaycanda da qəbul edilməsini cəmiyyət necə qarşılayır? Bu qanun qüvvəyə minsə, atalıq məzuniyyətindən istifadə edənlər olacaqmı?
  Qeyd edək ki, Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Almaniyada valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Norveçdə də 14 həftəlik olan atalıq məzuniyyəti məcburidir.
  Ekspertlərin fikrincə, atalara məzuniyyət verilməsi qadına və doğulacaq körpəyə müsbət təsir edə bilər.
  Sözügedən qanun layihəsi ilə bağlı "Şərq"ə açıqlama verən sosioloq, professor Əhməd Qəşəmoğlunun sözlərinə görə, Azərbaycanda belə bir qanunun qəbulu reallığın tələbiylə aktual bir məsələyə çevrilib: "Cəmiyyətimiz günü-gündən mürəkkəbləşir, münasibətlər dəyişir, insanların istər ailədaxili, istər işdə bu münasibətləri fərqli bir yön alır və buna görə də bir çox məsələlərə yenidən baxılmasına ehtiyac yaranır. Bütün bu dəyişikliklərin fonunda "atalıq məzuniyyəti”nə də ehtiyac yaranıb. Əvvəllər Azərbaycan ailələri böyük olurdu.
  Qayınanalar, bibilər, xalalar uşağı olan qadına kömək edirdi. Bu zaman da atanın köməyinə ehtiyac olmurdu. İndi isə ailələr "cırtdan"laşıb. Əvvəlki kimi qohum-qonşular da bir-birinə kömək etmir. Əksər vaxt xəstəxanadan çıxan qadının həyat yoldaşından başqa köməkçisi olmur. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsinin qəbul olunacağına ümid edirəm. Təbii ki, evdə yoldaşının köməyi olan kişilər bu məzuniyyətdən istifadə etməyəcək. Ehtiyacı olan kişilər isə bu qanundan faydalanacaq".
Sosioloqun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə olan mövcud qanunların təkmilləşdirilməsi üçün bir neçə onillik lazımdır.