Kamran Bayramov: "TDT-yə üzv ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetidir"

«2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Dövlət başçısı İlham Əliyev ötən il  Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyev  torpaqlarımızın işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək, türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülhün və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə bu təltifə layiq görülüb.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, göründüyü kimi, tarixi Zəfərimiz regionda, türk dünyasında, eyni zamanda, ümumilikdə dünyada əlaqələrin yeni formatda və istiqamətlər üzrə inkişafını diktə edir. Hər zaman «Gücümüz birliyimizdədir» söyləyən dövlət başçısı İlham Əliyev bütün türkdilli ölkələrin  vahid mövqedən çıxış etməsinin, bir ölkənin probleminin digər ölkə tərəfindən öz problemi kimi qəbul edilməsinin vacibliyini vurğulayır. 

44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Buna əmin olmaq üçün dövlət başçısı İlham Əliyevin cari il çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrə, eyni zamanda, həmin ölkələrin prezidentlərinin Azərbaycana səfərlərinin say tərkibinə, səfərlərin məqsəd və məramına, keçirilən görüşlərdə müzakirə olunan məsələlərin aktuallığına  diqqət yetirmək kifayətdir. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmək üçün  noyabrın 10-da Özbəkistana səfər etdi. Bu, cənab İlham Əliyevin 2022-ci ilin ötən dövründə Özbəkistana sayca 3-cü səfəridir. Aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. 

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı üzv dövlətlər arasında qarşıda dayanan hədəfləri müəyyənləşdirmək baxımından çox  əhəmiyyətli oldu: «Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. 

 Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması  kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır.»

K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyev iştirak etdiyi beynəlxalq tədbirlərin yüksək tribunalarında  Azərbaycanın işğal dövrü ilə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə mərhələsinin reallıqlarını dünya ictimaiyyətinə çatdırır:

 «İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. 

Sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.  Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu iddialar əsassızdır. Azərbaycan ordusu öz torpaqlarında vuruşub və Ermənistan ordusunu məğlub edib. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq». 

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, hazırda,  ölkəmizdə işğaldan azad edilmiş ərazilərdə davamlı bərpa-quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır. Həyata keçirilən bu genişmiqyaslı bərpa-quruculuq layihələri Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi ilə yanaşı, ümumilikdə regionun iqtisadi baxımdan canlandırılmasında mühüm rol oynayacaqdır.