Sürücülərin narahatlığına əsas yoxdur


Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına ciddi dəyişiklik olmayıb

"Qanuna görə, kağız sığorta şəhadətnaməsi mütləq idi. Bundan sonra isə elektron sığorta şəhadətnaməsində hər iki sığorta forması əks olunacaq"

  Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilib.
  Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

  Qanuna əlavə edilmiş yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.

  Hüquqşünas, ekspert  Ərşad Hüseynov “Şərq”ə açıqlamasında  prosesdə yeniliyin olmadığını bildirib. Onun sözlərinə görə, sürücü və avtomobil sahibləri dəyişiklikdən narahat olmamalıdırlar: 

“Dəyişikliyin praktiki əhəmiyyəti yoxdur. Bu, sırf texniki prosesdir. Burada söhbət  "İcbari sığortalar haqqında” qanunla “Yol hərəkəti haqqında” qanunun bir-birinə uyğunlaşdırılmasından gedir. 

  İcbari tibbi sığorta haqqında qanunda  iki sığorta növü  var:

nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası və sərnişindaşımalarda fərdi qəza sığortası.
  Yəni ki, kommersiya məqsədli sərnişin daşıyan nəqliyyat vasitələrinin  sahibləri  sərnişinlərinin  fərdi qəza sığortasından da keçməlidir. Sərnişinlərin icbari fərdi qəza sığortası Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən qanunda müəyyən edilmiş qaydada sərnişindaşıma xidmətlərini həyata keçirən zaman tətbiq olunur. Bu zaman mülkiyyətində nəqliyyat vasitəsi olan və ya belə nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, həmçinin onu icarəyə götürmüş, yaxud digər qanuni əsaslarla istismar edən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.

  İndiyə qədər də sürürcülərdən hər iki sığorta tələb olunurdu. Sadəcə, budəfəki dəyişiklikdən sonra  fərdi qəza sığortasını elektron informasiya sistemi vasitəsi ilə yoxlayacaqlar. 

Qanuna görə, kağız sığorta şəhadətnaməsi mütləq idi. Bundan sonra isə elektron sığorta şəhadətnaməsində hər iki sığorta forması əks olunacaq. Yəni bu günə qədər praktiki mövcud olan bir formatı qanuna yazaraq rəsmiləşdirdilər”.