Dəm qazı iysizdir, hiss edilmir!

Qış mövsümü gəldi, ehtiyatlı olun!

Qaz cihazlarına kənar müdaxilələr varsa təhlükə hər an yaxalaya bilər 


  Ölkə ərazisində kommunal xidmət idarələri rəsmən qış mövsümünə keçiblər. Qış mövsümünə keçid isə hər il dəm qazı təhlükəsini gündəmə gətirir.
  Soyuq havalarda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması bir çox hallarda dəm qazı təhlükəsi yaradır. Təhlükəsizlik tədbirləri yerinə yetirilmədikdə zəhərlənmə halları qaçılmaz olur.

  Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib: "Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsini artırır. Fövqəladə Hallar Nazirliyi tərəfindən dəm qazının yaratdığı təhlükənin qarşısını almaq məqsədilə aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, hələ də bu təhlükənin törətdiyi faciəli hallarla bağlı məlumatlar daxil olur.

  Yuxarıdakıları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə üzləşməmək üçün aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

Qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

  Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

  Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır".

  Təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyevin isə "Şərq"ə açıqlamasına görə, insanlar bilməlidirlər ki, dəm qazı nədən yaranır. Yanma prosesi düzgün getmədikdə dəm qazı əmələ gəlir. Əgər yanma prosesi düzgün gedərsə, onda dəm qazı əmələ gəlmir. Bunu insanlar mütləq bilməlidir: 

"Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan, qıcıqlandırıcı xüsusiyyətləri olmayan qazdır. Adətən, dəm qazının atmosferdə konsentrasiyası 0,001 faizdən aşağı olur, lakin şəhər ərazilərində və ya qapalı mühitlərdə bundan yüksək ola bilər. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Belə ki, yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon  4-oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur".

  Ekspertin sözlərinə görə, qaz cihazlarına kənar müdaxilələr olarsa, qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa onda dəm qazı əmələ gəlir:

 "Bundan başqa, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Əgər evin bacaları təmizlənməzsə, təbii ki, orada hava ventilyasiyası, sovrulması olmur və yanma prosesini də çətinləşdirir. Belə desək, kömürün və odunun yanmasından belə dəm qazı əmələ gəlir".

  E.Nurəliyevin sözlərinə görə, dəm qazları əsasən hamam otağında və mətbəxdə əmələ gəlir: 

"Demək olar ki, dəm qazının 95 faizi hamam otaqlarında əmələ gəlir. Qışda insanların qaza olan tələbatları daha çoxdur. Həmin vaxt da insanlar otaqlarda qapı-pəncərələri bağlı saxlayırlar. Yayda isə qapı-pəncərələr çox vaxt açıq olur və hava ventilyasiya olduğuna görə dəm qazı da demək olar ki, olmur. Hamam otaqlarında ventilyasiya olmalıdır, qapıların aşağı hissəsində isə mütləq dəliklər olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar".