Tovuz rayonunun Alakol kəndində 13 yaşlı qız üçün təmtəraqlı nişan məclisinin təşkil edildiyi, toyun planlaşdırıldığı iddia olunur. Azyaşlı qızın ərə verilməsiylə bağlı araşdırma başladılıb. Oxu.Az-a Tovuz rayon Polis Şöbəsindən məlumat verilib. Bildirilib ki, hər iki tərəfin valideynləri rayon polis şöbəsinə dəvət olunub:
“Onlara bildirilib ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslərin evləndirilməsi cinayət məsuliyyəti yaradır və həmin şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Onlarla profilaktik söhbət davam etdirilib, hər iki tərəf nişan mərasimi keçirdiklərini və qızın yaşı qanunla müəyyən olunmuş həddə çatandan sonra toy edəcəklərini bildiriblər. Faktla bağlı zəruri araşdırmalar davam etdirilir”.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı sözügedən olayla əlaqəli "Sherg.az"la fikirlərini bölüşüb. Ekspertin qənaətincə, nişan mərasimi istənilən yaşda keçirilə bilər. İnsanların psixoloji, fiziki vəziyyəti uyğundursa, 18 yaşına bir az qalmış nişanlana, sonra evlənə bilər:
"13 yaşda nişan eləmək düzgün deyil, əlbəttə. Ən azı 16 yaşda pasport almış və müstəqil vətəndaş statusu qazanmış gənci nişanlamaq olar. Lakin nişanlama rəsmi prosedur olmadığından və heç bir hüquqi məsuliyyət yaratmadığından bunu heç cür qanun pozuntusu saymaq olmaz.
Qanun yalnız nikah mərasiminin baş tutmasına yaş həddi qoyur. Nikah yaşı çatandan sonra ailə quracaqlar. Hər bir şəxs nişanlana bilər. Bu, əhd bağlamaq mənasına gəlir.
Nə mənəvi, nə də hüquqi cəhətdən problem var. Erkən evliliyə qarşı mübarizə adı altında belə təbliğatın aparılması zərərlidir.
Yalnız 18 yaşından tez nikah olarsa, tənqid etmək mümkündür. Min illərdir adət-ənənələrimizə görə nişan mərasimi reallaşır. 18-19 yaşında yox, gec yaşda evlilik problem yaradır.
Sadəcə məcburi şəkildə gerçəkləşərsə, qanun tədbir görər, ictimaiyyət də qınayar. Belə hal yoxdursa, problemdən söhbət gedə bilməz".