"Ruhumuzu yeniləmək, yemləmək, ağzının dadını dəyişmək üçün ildə heç olmasa, bir-iki dəfə Bakıdan kənara çıxıb əyalət, kənd insanlarını "basıb yeməliyik", gözümüzə təpməliyik"
"İnsan öz bədənini heyvan, öz ruhunu insan "əti" ilə qidalandırır. 2022-ci ildə üç gün Gəncədə, üç gün Mingəçevirdə, üç-dörd gün də doğulduğum Cəlilabadda qonaq oldum və bir daha anladım ki, bədənimiz kimi, ruhumuzun da təbii, təmiz qidaları bölgələrdə, əyalətlərdədir. Şəhər (Bakı) insanlarını Ramız Rövşənin sözləri ilə desək, artıq "yemək olmur". Şəhər insanın "əti" acıdır, hiyləgərlik, paxıllıq, çırtqozluq, eqoistlik və s. dadır. Şəhər insanı süni ehtiyacların qəfəsinə salınmış, təlim görmüş bir canlıdır, yaraşıqlıdır, amma pis qoxuyur. Şəhər insanını yalnız konservləşdirib "yemək" mümkündür".
Bu sözləri şair Aqşin Yenisey özünün feysbuk hesabında qeyd edib. Şair deyir ki, əyalət insanında mənəviyyat siyasətə, şəxsiyyət bütə, tanrı dinə hələ tam yoluxmayıb. O, təbiətdə cəmiyyəti, cəmiyyətdə təbiəti təmsil edir, bir növ, təbiətlə cəmiyyət arasında filtr rolunu oynayır. Onun nimdaş görkəmi də bu fil(an)tropluğun nəticəsidir:
"Ən əsası, səmimiliyi oynamır, yaşayır. Dəblə ayaqlaşmaq kimi axmaq bir dərdi yoxdur. Azadlığı ideoloji yox, fitri mənşəlidir. Yumor hissi orijinaldır, xeyirxahlıq naminə canından keçməyə hazır olduğu üçün kasıblıq deyə bir kompleksi yoxdur. Sahibindən bir addım irəli çıxmış qarın kənd, əyalət insanında sağlamlığı, şəhər insanında xəstəliyi simvolizə edir.
Ruhumuzu yeniləmək, yemləmək, ağzının dadını dəyişmək üçün ildə heç olmasa, bir-iki dəfə Bakıdan kənara çıxıb əyalət, kənd insanlarını "basıb yeməliyik", gözümüzə təpməliyik. Şəxsən məni əyalətə bağlayan kənd toyuğunun əti deyil, kənd insanının "ətidir".
Mədəniyyət insan (xisl)Ətini korlayır. Bunu hələ ilk dəfə məşhur səyyah Ceyms Kuku bişirib yeyən Havay adalarının yerli sakinləri kəşf etmişdilər. Kukun ağ budunu dişinə çəkən havaylı dayı ağzındakı iyrənc tikəni yerə tüpürüb demişdi: "bu ağ şey nədirsə, bizi qıracaq!"
O ağ şey - Kukun budu - əyalətin əlində şəhəri ifadə edirdi. Sivilizasiyanın ağ əti qır duz idi".