Ucqar kəndlərə dağın döşünədək kabelləşmə aparılır

Keyfiyyətli internet xidməti alan sakinlər sevinclərini bölüşüblər

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;


  Azərbaycanda fiber-optik internet şəbəkəsi genişləndirilir. Ölkəmizdə fiber-optik internetlə təmin olunan ev təsərrüfatlarının sayı 650 minə çatıb. Bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib ki, optik kabel texnologiyasının son trendi hesab edilən "GPON" ənənəvi mis kabel xətləri olmadan yüksəksürətli məlumat ötürülməsinə və hava şəraitindən asılı olmayaraq kəsintisiz xidmət göstərilməsinə imkan yaradır. Azərbaycanda bu texnologiya ilə fiber-optik şəbəkənin qurulması ilk dəfə 2017-ci ildə başlanılsa da, 2021-ci ildən etibarən daha geniş miqyasda tətbiq edilir. 2017-2020-ci illərdə qurulmuş fiber-optik şəbəkənin əhatə etdiyi ev təsərrüfatlarının sayı 227 min olub. Ancaq təkcə 2021-2022-ci il ərzində 422 min ev təsərrüfatı üçün fiber-optik şəbəkə qurulub. 

Qeyd edək ki, ölkə ərazisində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması “Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir. Bu layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. 

Layihənin əsas operatoru olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir. Regionlarda görülən işlərin tərkib hissəsi olaraq, işğaldan azad olunmuş ərazilərdə öz dədə-baba yurdlarına qayıdan vətəndaşlarımız üçün sabit telefon şəbəkəsi və sürətli internet xidməti təmin edilir. Bununla yanaşı, əhali təchiz edilmiş sürətli internet vasitəsilə artıq ən ucqar kəndlərdə də rəqəmsal imkanlardan yararlana bilir. İndi məktəblilər Lahıc, Xınalıq kimi ucqar dağ kəndlərində belə asanlıqla fiber-optik internetlə onlayn təhsil almaq imkanı əldə ediblər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, 2024-cü ilin sonunadək Azərbaycanda 100 faiz optik internet şəbəkəsi qurulacaq. Fiber-optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradır. Çünki bu texnologiya məhdudiyyət tanımır. Fiber-optik şəbəkə vasitəsilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Fiber-optik şəbəkə vasitəsilə təmin olunan internetdə sürət itkisi də olmur. Məlumatın ötürülmə sürəti hava şəraiti və ya telefon xətti kimi amillərdən asılı olmur. Bu da yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edir. 

  "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, o, Balakəndə fiber-optik internet şəbəkəsinin tikintisi  ilə maraqlanıb. Ekspert bildirib ki, hazırda Mahamalar kəndində, dağın ətəyindəki evlərə internet xətti çəkilir:

"Kənddə bir briqada (5-6 nəfər) işləyir. Ümumiyyətlə, fiber-optik şəbəkənin qurulması və sonda internet əldə edilməsi işi bir neçə hissədən ibarətdir. Bu, layihələndirmə, kabelləşmə və evdə fiber-optik modemin quraşdırılmasıdır. Mənim tanış olduğum briqada rəisi işlərin yaxşı getdiyini, əvvəlki vaxtlara nisbətən zəruri materialların yetərincə olduğunu bildirdi. Briqada üzvləri arasında 20 il bu işlə məşğul olanlarla yanaşı, gənclər də vardı. 

Türk və Çin istehsalı olan optik kabellərdən istifadə edilirdi. İşlərin sürətlənməsi üçün çatışmayan yalnız əlavə işçi qüvvəsi, əlavə briqadaların olmamasıdır. Briqada bir günə adətən şəraitdən asılı olaraq 1-3 km. kabel çəkə bilir. Kənd yerində kabelləşmədə əsas çətinlik həyətyanı sahələrdə olan ağacların maneçilik yaratmasıdır. Bəzən bu ağacların kəsilməsi lazım gəlir ki, bu problemi də bələdiyyə sədri ilə birgə həll edirlər. Briqada rəisi hətta layihəyə düşməyən, lakin yaşayış olan ərazinin, hətta dağlıq hissədə olsa belə, kabelləşməsinə tapşırıq verildiyini qeyd etdi. Hətta dağın döşünədək kabelləşmə apardıqlarını bildirdilər".

  O.Gündüz vurğulayıb ki, kabelləşmə aparılarkən gələcəkdə yeni evlərin tikiləcəyi də nəzərdə tutulub: 

"Kabelin tutumu (optik liflərin sayı) indi lazım olandan da çox nəzərdə tutulub. İşlər sürətli getsə də, hiss olunurdu ki, yeni briqadalara ehtiyac var. Ötən ildən başlanmasına baxmayaraq, Balakənin heç yarısı kabelləşməyib. İndi rayona, Qullar kəndinə əlavə briqadaların gələcəyi bildirildi. 

Beləliklə, bu kabelləşən ərazidə ən yaxın vaxtda, digər bir briqada - montajçılar tərəfindən splitterin quraşdırılması və başqa bir komanda, rayon telekommunikasiya qovşağının əməkdaşları tərəfindən evlərin internetə qoşulacağı gözlənilir. Əgər kimsə əvvəldən ADSL istifadəçisidirsə, onun üçün hər şey pulsuzdur. Yeni müştəri olarsa, çəkiliş xərcindən başqa ödəniş nəzərdə tutulmur. Rayonun başqa bir kəndində, Qasbinədə bütün işlər görülüb, splitterlər quraşdırılıb və hazırda əhaliyə internet xidməti təklif olunur. Abunəçilər yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketlər seçə bilərlər. İnternet xidmətinin haqqı isə seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 56 AZN-dək dəyişir. 

Ümumiyyətlə, diqqətimi cəlb etdi ki, keyfiyyətli internet xidməti alan sakinlər çox sevinirdilər. Soyuq havaya baxmayaraq, briqada tərəfindən görülən işlər yetərincə sürətli və keyfiyyətlidir. Zəruri materiallar da yetərincədir. Lakin yeni işçi qüvvəsinə, yeni briqadalara ehtiyac var. Belə gedişatla bir rayonun kabelləşməsinin və internetə qoşulmasının hədsiz çox vaxt aparacağı şübhəsizdir".