Naxçıvanda “Talıbov düyünü” açılır! – Niyə insanlar Ali Məclisin qarşısına toplanırlar?

"Naxçıvanda artıq başqa ab-hava var. İnsanlar daha rahatdır". 
Bu barədə "Sherg.az"a açıqlamasında Naxçıvana səfər etmiş tanınmış jurnalist, Prime TV-nin baş redaktoru Aygün Muradxanlı deyib. 
Baş redaktor vurğulayıb ki, Naxçıvanda ən çox insan Ali Məclisin qarşısındadır: 

"İnsanlar bura şikayətə gəlirlər. Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, o cümlədən Naxçıvan daxili işlər naziri Süleyman Neymətovun qəbuluna düşməyə gəlirlər. Həddindən artıq şikayətlər var. Naxçıvanlılar indiyədək şikayət hüquqlarından istifadə edə bilmirdilər. İndi həm sərbəst şəkildə şikayətlərini dilə gətirir, həm də nəticə əldə edirlər. Bu, çox önəmlidir. Sadə vətəndaşlarla yanaşı, sahibkarlar, iş adamları da Ali Məclisə şikayətə gəlirlər. Çünki qanunsuzluqla üzləşən əsas təbəqə kiçik və orta sahibkarlıqla məşğul olan insanlar idi. Gördüyümüz, müşahidə etdiyimiz odur ki, Naxçıvan Ali Məclisində, daha doğrusu səlahiyyətli nümayəndəlik yanında xüsusi bir qrup yaradılıb. Onlar vətəndaşların bütün şikayətlərini toplayır, sistemləşdirir və dərhal araşdırmalara başlayırlar. Müraciətlərə çox diqqətlə yanaşılır və detallı araşdırılır. Gözləntilər o yöndədir ki, problemlər yaxın zamanda öz həllini tapacaq". 

A.Muradxanlı müsahibələr əsnasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və daxili işlər naziri Süleyman Neymətovla təsadüf nəticəsində qısa görüşlərinin olduğunu bildirib: 

"Bir neçə dəqiqə söhbət etmək imkanımız oldu. Görünən odur ki, Fuad müəllim prosesi çox gözəl idarə edir, problemlərə dərindən yanaşır. Çünki sistemli və akademik yanaşma olmadan problemləri kökündən çözmək qeyri-mümkündür. 2014-cü ildə Naxçıvanda olmuşam. İndi Naxçıvanı çox fərqli gördük. İnsanlar sərbəstdir, üzlərindəki qorxu-ürkü yoxdur. Ona görə də rahat danışırlar. Bəlkə də Bakıda, digər bölgələrdə yaşayan insanlarımız bunları sezmirdilər. Amma əvvəllər Naxçıvanda şikayət etmək birmənalı cəzalanmaq demək idi. Naxçıvanda şikayət edən hər bir vətəndaş ağır şəkildə cəzalandırılırdı, təzyiqlərlə, həbslərlə, işgəncələrlə üzləşirdi. Polis həmin şikayətçini qanunsuz həbs edir, oğurluyurdu. Dəhşətli hadisələr baş verirdi. Artıq feodal üsul-idarəsinin izləri artıq silinib. Naxçıvan bir düyün idi və artıq o düyün açılır. Bir neçə saatdır Naxçıvandayıq və gördüklərimiz ümidvericidir. Ölkənin gözü Naxçıvandadır. Ümid edirik ki, proseslər vətəndaşların xeyrinə olacaq".

Qeyd edək ki, bir qrup jurnalist Naxçıvana səfər edib.