Görüləcək işlər həddindən artıq çoxdur

Hikmət Babaoğlu: “Qərbi Azərbaycan İcması uyğun sahələr üzrə mütəxəssislərimizi əməkdaşlığa dəvət edir"

 “Milli bütövlüyümüzə gedən yolda ilk növbədə tarixi yaddaşımızın bütövlüyü təmin olunmalıdır”


  Qərbi Azərbaycan İcmasında İcma rəhbərliyinin İcmanın müxtəlif strukturlarında təmsil olunan, Qərbi Azərbaycan üzrə bir qrup tədqiqatçı alimlə görüşü keçirilib. Görüşdə İcmanın qarşısında duran vəzifələr, Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədqiqi, nəşri və təbliği məsələləri müzakirə olunub. Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli görüşün məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriya üçün çatdırılma zərurətindən və üsullarından bəhs edib.

Bir neçə saat davam edən müzakirələr zamanı mövcud problemlərin bütün aspektləri nəzərdən keçirilib. Həmçinin, tədbirdə Qərbi Azərbaycan İcması tərkibində Elm komissiyasının yaradılması, onun müxtəlif tədqiqat sahələri üzrə bölmələrinin təşkil edilməsi və Komissiyanın işinə bu elm sahələri üzrə alimlərin cəlb edilməsi qərara alınıb. Komissiyanın işinə rəhbərlik Qərbi Azərbaycan İcması sədrinin müavini, millət vəkili, professor Hikmət Babaoğluya tapşırılıb. 

  Millət vəkili Hikmət Babaoğlu "Şərq"ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüşdə səsləndirdiyi fikirlər milli maraqlarımızın təmin olunması baxımından ümummilli  vəzifələr müəyyənləşdirir. Deputat bəyan edib ki, Qərbi Azərbaycan ərazizsi hazırkı müstəqil Azərbaycan Respublikasının ərazisinin təqribən 3-də birini təşkil edir: 

"Tarix elə gətirib ki, bu gün rəsmi inzibati sərhədlərimizdən kənarda qalıb. Ancaq bu, xalqımızın min illər boyu o torpaqlarda yaratdığı maddi-mənəvi dəyərlərimizin ümumi Azərbaycan mədəniyyətindən kənarda qalması mənasına gəlmir. Eyni zamanda bizim öz torpaqlarımıza qayıtmağımız və orada yaşamağımız üçün beynəlxalq hüquqa uyğun olaraq mübarizə aparmağımızı da məhdudlaşdırmır. Ona görə də bu məqsədlərə çatmaq naminə çoxsaylı istiqamətlər üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməli və işlər görülməlidir. Bu istiqamətlərdən biri də elm sahəsində görüləcək işlərdir. Belə işlər hər şeydən öncə xalqımızın tarixi yaddaşının bütövlüyü və milli yaddaşımızda etnosiyasi və etnomədəni coğrafiyamızın düzgün əsaslarda formalaşması üçün lazımdır. Yəni milli bütövlüyümüzə gedən yolda ilk növbədə tarixi yaddaşımızın bütövlüyü təmin olunmalıdır. Əks təqirdə milli bütövlüyümüz mümkün olmaz. Ona görə də ilk növbədə ciddi elmi əsaslarda Qərbi Azərbaycandakı tariximiz yenidən öyrənilməli, gənc nəsillərimizə və bütövlükdə dünyaya yenidən öyrədilməlidir". 

  Parlament üzvü vurğulayıb ki, dünyada siyasi qərarları qəbul edənlər erməni yalanına qarşı həqiqəti bilməlidirlər ki, bizim istək və tələblərimizi düzgün başa düşsünlər:

 "İcmada yaradılan Elm Komissiyasının fəaliyyət istiqamətlərindən biri bu olacaq. Ancaq şübəhsiz ki, bu işin sistemli olması üçün problem sadəcə ümumi tarixi kontekstdə öyrənilməyəcək. Elm komissiyası entoqrafiya, etnocoğrafiya, demoqrafiya, folklor, toponomiya, etnoklunariya, ədəbiyyat və s. istiqamətlər üzrə ayrıca tədqiqatlar aparacaq və uyğun istiqamətlər üzrə çox dəyərli mütəxəssislərimiz bu prosesə cəlb ediləcək. Məsələ ümummilli olduğu üçün uyğun sahə üzrə tədqiqatları olan bütün alimlərimiz bu işə öz töhfələrini verməlidir. Elm komissiyasının işində ikinci mühüm istiqamət hüquq və beynəlxalq hüquq üzrə mütəxəssis alimlərin bu prosesə cəlb olunması və elmi-hüquqi kontekstdə Qərbi azərbaycanlıların öz torpaqlarında yaşamaq hüququnun təmin edilməsinin əsaslandırılmasıdır. Üçüncü istiqamət maddi və iqtisadi zəmində Qərbi Azərbaycandan deportasiyaya məruz qalmış və məcburi olaraq köçürülmüş soydaşlarımızın mülkiyyət hüquqlarının  Ermənistana qayıtdıqdan sonra kompensasiya edilməsi ilə bağlı maliyyə hesabatlarının hazırlanması olacaq. Dördüncü istiqamət Qərbi Azərbaycandan olan, ancaq Azərbaycan Respublikasından kənarda yaşayan Qərbi azərbaycanlıların koordinasiya edilməsi və onlarla bağlı elmi statistikanın aparılmasıdır. Yəni biz dəqiq elmi statistikaya malik olmaqla demoqrafiya problemini düzgün qoymağı və hüquqi iddialarımızı dəqiq əsaslandırmağı bacarmalıyıq. Şübhəsiz, iş prosesində yeni aktual məsələlər də ortaya çıxa bilər ki, bunlar da sonrakı mərhələdə elm komissiyasının iş istiqamətinə çevrilə bilər. Görüləcək işlər həddindən artıq çoxdur və Qərbi Azərbaycan İcması uyğun sahələr üzrə mütəxəssislərimizi əməkdaşlığa dəvət edir".