“Bu, xaricdə anormal hal kimi qarşılanar. Amma biz öyrəncəliyik”
“Nəqliyyat üzrə dövlət nəzarətini həyata keçirən müvafiq qurumların özü belə iflic durumdadır"
Bakıya qar yağması və yollardakı tıxac səbəbindən taksi xidmətləri qiymətləri iki dəfəyə yaxın bahalaşdırıb.
Müxtəlif taksi şirkətlərinin qiymətlərində 80-100 faiz arasında artım müşahidə edilib. 3-5 manat arası dəyişən məsafə üçün 20-30 manat arası qiymətlər göstərilib.
Qeyd edək ki, iki gündür Bakıda və Abşeron yarımadasında qar yağır. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Fuad İbrahimov "Sherg.az"a bildirib ki, tələbatın çox olduğunu görüb qiymətləri bahalaşdırırlar:
"Bildiyim qədərilə qiymətlərdə gecə, gündüz tarifləri olmalıdır. Gündüz pik saatlarda yolda tıxac yaranır. Azərbaycanda da taksometrlər, hava şəraiti ilə bağlı xüsusi parametr yoxdur.
Müvafiq qayda-qanun da mövcud deyil. Bazarda pərakəndəlikdir.
Müasir dövrün tələblərinə uyğun nəqliyyat vasitələrinin mövcudluğuna rəğmən bu sahə iflic vəziyyətdədir. Hava şəraitinə görə taksi qiymətinin qalxması xaricdə anormal hal kimi qarşılanar.
Amma biz öyrəncəliyik. Nəqliyyat üzrə dövlət nəzarətini həyata keçirən müvafiq qurumların özü belə iflic durumdadır".