Azərbaycanlı alimin yeni kitabı nəşr olundu 

Bu günlərdə Azərbaycan Turizm və Menecment Universitetinin "Beynəlxalq münasibətlər kafedrasının" dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadənin “Etika və estetika” adlı yeni kitabı işıq üzü görüb.
“Delta Uni MMC” nəşriyyatında çap olunub oxucuların diqqətinə çatdırılan “Etika və Estetika”dərs vəsaiti ali təhsil məktəbləri üçün nəzərdə tutulmuş standartlar əsasında hazırlanıb. Sözügedən kitabda etika və estetika tarixinin əsas mərhələləri, onun xeyir və şər, azadlıq və məsuliyyət, borc və vicdan, gözəllik və eybəcərlik, ülvilik və rəzillik, faciəvilik və komiklik kimi fundamental kateqoriyaları ətraflı şərh edilmişdir. Eyni zamanda incəsənətin fəlsəfi təhlili verilmiş, onun müxtəlif növ və janrlarının izahına  geniş yer ayrılmışdır.
Dərs vəsaitinə daxil edilmiş materiallar tələbələrə etik norma və prinsiplər haqqında ətraflı biliklər verəcək, həmçinin onların estetik zövqününformalaşmasına kömək edəcək. 
Onu da vurğulayaq ki, vəsait ali təhsil məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulsa da, ondan müəllimlər, magistrlar, eyni zamanda etika və estetikanı müstəqil şəkildə öyrənənlər də istifadə edə bilər.